Məhkəmə qərarları › İş №3(002)-877/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-877/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-877/2022 07.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədov tərəfindən qəbul olunmuş 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09 avqust 2022-ci il tarixdə X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədov tərəfindən qəbul olunmuş 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı ilə onun barəsində inzibati qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat cərimələnmişdir. Qərar qəbul edilərkən inzibati orqan rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işləmiş X4 əmək müqaviləsinə xitam verilərkən son haqq hesabın düzgün hesablanıb ödənilməməsini əsas gətirmişdir. Cavabdeh olaraq X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı ilə razı deyil. Hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı Qərar qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, aşağıda göstərilən səbəblərə görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir: İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində vol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərindən məhz riyazi hesablamalarda nöqsanlara yol verilmiş və nəticədə cəmi 102.42 manat məbləğində səhv hesablanma aparılmışdır. Əgər riyazi hesablanmada səhv olmasaydı onda qeyd edilən məbləğin ödənilməsi bir şirkət olaraq onların imkanları daxilində idi. Eyni tarixdə 4 nəfər əməkdaşını işdən azad edərək onlara eyni hesablama qaydası ilə son haqq hesab ödəmişlər. Həmin əməkdaşlardan 3 nəfərində heç bir pozuntu aşkar edilməmişdir. Bu fakt onu təsdiq edir ki, aparılan hesablama qaydasında heç bir uyğunsuzluq yoxdur. Sadəcə olaraq rəqəmləri toplayarkən 102.42 manat məbləğində riyazi səhvə yol vermişlər. Həmin 3 nəfər üzrə yoxlanılmış sənədləri onlar inzibati orqana sübut kimi təqdim etsələr də, inzibati orqan heç bir səbəb göstərmədən sübutlara baxmaqdan imtina etmişdir. Əgər həmin sübutlara qərar qəbul edilərkən paralel olaraq baxılsa idi o, zaman X2 haqq hesabının ödənilməsində aşkar riyazi səhv olduğu sübuta yetiriləcəkdir. Son 3 ay ərzində şirkət tərəfindən 26 nəfər işdən azad olunmuşdur. Ümumiyyətlə isə fəaliyyət göstərdikləri müddət ərzində yüzlərlə əməkdaşları ilə əmək müqavilələrinə xitam verməklə, onlara son haqq hesab ödəmişlər. Bu müddət ərzində eyni hesablama metodundan istifadə etmişlər və bu günədək heç bir əməkdaşda heç bir problem aşkarlanmamışdır. Eyni hesablama metodu ilə aparılmış əməliyyatlarda heç bir pozuntunun olmaması həmin metodun düzgün olduğunu sübut edir. Lakin bu faktla bağlı inzibati orqana təqdim etdikləri vəsatət təmin olunmamışdır. İnzibati orqan qərarı qəbul edərkən heç bir sübut təqdim etmədən, sadəcə olaraq "mən belə hesab edirəm” prinsipi ilə hərəkət etməklə qərar qəbul etmişdir ki, bu da inzibati qanunvericiliyin təməl prinsiplərindən biri olan Təqsirsizlik prezumpsiyası ilə ziddiyət təşkil edir. Qərar qəbul edilərkən heç bir hal sübuta yetirilməmişdir. İşin faktiki halları, hesablamada riyazi səhvin olub-olmaması araşdırılmamışdır. İnzibati orqan məhz hansı detala əsaslanaraq hesablamanın riyazi səhv olmadığını, bu halın inzibati pozuntu olduğunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. Göstərilənlərə əsasən, onun barəsində olan 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, X2 haqq hesabının ödənilməsi zamanı yol verilmiş riyazi hesablama nəticəsində ona ödənilməmiş 102 (bir yüz iki) manat (qırx iki) qəpik və qeyd olunan məbləğin ödənilməməsi nəticəsində yaranmış 79 (yetmiş doqquz) manat, 89 (səksən doqquz) qəpik cərimə xx.xx.2022-ci il tarixdə onun hesabına köçürüldüyünü nəzərə alaraq, X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli, ******* saylı Qərarı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan 21 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X9 işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi əsas gətirilməklə İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, X9 barəsində qəbul edilmiş 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmişdir. X8 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati orqan tərəfindən qeyd olunan nöqsanın riyazi hesablamalar nəticəsində yol verilən nöqsan olmaması qənaətinə gəlinsə də, bununla bağlı məhkəmə heç bir əsaslı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X6 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul olunmuş 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul olunmuş 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar