Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-892/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 17 iyun 2021-ci il tarixli, MN ******* saylı protokoldan və iş materiallarından görünür ki, 16 iyun 2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Şpal” zavodunun ətraf ərazisinə baxış keçirilən zaman beton qarışıqlı bərk tullantıların qanunla müəyyən edilməmiş əraziyə qeyri qanuni olaraq qalaqlanması müəyyən edilmişdir. Buna görə də "xxxx" MMC-nin barəsində İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil şirkət barəsində tərtib olunmuş protokola etiraz edərək öz izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfındən heç bir inziabti pozuntuya yol verilməmişdir. Belə ki, "xxxx" MMC-yə məxsus zavod çox abad bir zavod olmaqla həmin zavodun ərazisində abadlıq işlərinə və ağacların sulanmasına şirkət hər ay iki min manatdan çox pul ayırır. Protokol tam əsassız və qərəzli tərtib olunmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş inzibati materialdan və fotoşəkildən onların heç bir xəbəri olmamış və həmin fotoşəkildə görünən məişət tullantısı deyildir. Belə ki, tullantı kimi qeyd olunan beton qalıqları xammaldır. Həmin zavodun ərazisinə gündə təxminən 8-10 beton daşıyan maşın daxil olur və həmin maşınlar zavodun təlimatına uyğun olaraq kənar ərazidə dayanmaqla yükləri zavoda məxsus avtokarlar vasitəsilə qəbul edirlər. Qeyd olunan beton şpallar və beton su drenajları zavodun ərazisindən gətirilib avtokarlardan yük maşınlarına yüklənilərkən istər-istəməz beton qalıqları yerə tökülür. Daha sonra şirkət rəhbərliyinin göstərişi ilə işçilər tərəfindən həmin qalıqlar bir yerə toplanılır və maksimum 1-2 gün ərzində həmin qalıqlar şirkətə məxsus avtokarlar vasitəsi ilə zavod ərazisinə daşınır və yenidən emala verilir. Həmin zavod dəmiryolu xəttində istifadə olunan şpallar və su drenajları üçün beton borular istehsal edir. Əlavə olaraq bildirmişdir ki, şəkildə görünən ərazi ümumiyyətlə şirkətin ərazisi deyil. Həmçinin şirkət ərazisi olmasını şəkildən də müəyyən etmək qeyri-mümkündür və başqa heç bir sübut yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, nümayəndənin izahatını, tərəfin təqdim etdikləri sənəd və foto şəkilləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı "xxxx" MMC-nin vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən aydın olur ki, hal-hazırda sözü gedən ərazidə heç bir tullantı qalaqlanması mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin məhz "xxxx" MMC tərəfindən törədilməsi faktı sübut olunmamışdır. Bundan başqa qeyd olunan fakt üzrə çox səthi inzibati araşdırma aparılmışdır. Belə ki, iş materiallarına sözügedən inzibati xətanın törədildiyi ehtimal edilən ərazinin məhz “Şpal” zavodunun ərazisi olmasını və həmin zavodun "xxxx" MMC-yə məxsus olmasını sübut edəcək heç bir sənəd əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkildə göstərilən əşyanın hər hansı sənaye və məişət tullantılarından ibarət olması görsənmir. Bundan başqa iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1. Bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 271-ci maddəsində göstərilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 43, 53, 109, 114, 115, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin İXM-in 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-892/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-892/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver