Məhkəmə qərarları › İş №3(002)-897/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-897/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-897/2021 15.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, 03.08.1978-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Cəbrayıl şəhəri, S.Vurğun küçəsi 40-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 26 may 2021-ci il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 26 may 2021-ci il tarixli, TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-nin polis X1 tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli TP ******* saylı qərarla o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş protokolda və həmin protokol üzrə qəbul edilmiş qərarda qeyd edilir ki, o, 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində Qaradağ rayonu ərazisində Lökbatan dairəsində “Kia Optima minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu tamamilə əsassızdır. Çünki, 28 yanvar 2021-ci il tarixdə o, sərxoş vəziyyətdə avtomobili idarə etməmişdir. Sərxoşluğu barədə onu sertifikatı olmayan alkotest ilə yoxlamışlar, lakin həkim müayinəsinə aparmamışlar. Həmin vaxtı alkotestin müştüyünü belə dəyişməmişlər. Onu saxlayan polis işçisi ondan icib içmədiyimi sorusmuş, o da içkili olmadığını bildirmişdir. Bu vaxt polis işçisi ona demişdir ki, izahat yaz ki, “sərxoş vəziyyətdə sükan arxasında olmayacağam” və o da bu barədə izahat yazmışdır. Lakin polis işçisinin qərəzli olmasını başa düşdüyü üçün o, polis işçisinin yanından ayrılandan sonra dərhal sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət etmiş və 28 yanvar 2021-ci il tarixdə saat 11:10 radələrində sərxoş olmamağına dair müayinə aktı verilmişdir. Lakin onun barəsində əsassız olaraq 29 mart 2021-ci il tarixdə İXM-nin 333.1 -ci maddəsi ilə qərar qəbul edilmiş və o, həmin qərardan Qaradağ rayon məhkəməsinə şikayət etmişdir. Məhkəmənin 16 aprel 2021-ci il tarixli qərarı ilə 29 mart 2021-ci il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin bu müddət ərzində heç bir araşdırma aparılmamış və yenidən əsassız olaraq 26 may 2021-ci il tarixli TP ******* saylı qərarla o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş qərar düzgün tərtib edilməmiş və bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Birincisi o, içkili olmadığı halda o, əsasız olaraq aldadılaraq protokol yazılmışdır. Protokolda 08:40 göstərilmişdir. Üstündən 02 saat yarım keçəndən sonra isə onda ümumiyyətlə alkoqol aşkar edilməmişdir. Necə ola bilər ki, protokol tərtib ediləndən iki saat sonra onda ümumiyyətlə alkoqol aşkar edilməsin. Bu onu göstərir ki, barəsində tam qanunsuz və əsasız protokol tərib edilmişdir. İkincisi, tərtib edilmiş qərardan görünür ki, hadisə 28.01.2021-ci ildə saat 08:40 radələrində baş vermişdir. Həmin vaxtdan iki ay sonra 29.03.2021-ci il tarixdə qərar qəbul edilmiş və onun bu barədə xəbəri olmamış, sonradan o, gedib tələb edəndən sonra ona qərarın surətini vermişlər. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ əməkdaşları onun idarə etdiyi avtomobili saxlayarkən stansionar postun qurulub qurulmaması barədə ona heç bir sənəd təqdim etməmişlər. Polis əməkdaşları ona içkilik dərəcəsinin ölçüsünü müəyyən edən alkotesterin müştuyunu dəyişməmiş və həmun cihazın selfikatını təqdim etməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ Polis X1 tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər X7 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə inzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, yəni 26 may 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Belə ki, Bakı şəhər DYPİ-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Məhkəmə, X4 tərəfindən 28 yanvar 2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X2 barəsində Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 26 may 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 26 may 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar