Məhkəmə qərarları › İş №3(002)-899/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-899/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-899/2022 11.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Ağdam rayonu Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində kirayə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 10 avqust 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində bir nəfər şəxs özünü təqdim etmədən polis əməkdaşlarının xidməti fəaliyyətinə çətinlik yaratmağa başlamış və polis əməkdaşı dəfələrlə ona etdiyi xəbərdarlıqlara baxmayaraq o, hərəkətlərini davam etmişdir. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş və Bölmədə olarkən onun xx xxxxxxxx 1972-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 38ci PB-nin sahə inspektoru S.M.Quliyev Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan əlavə sahə inspektoru S.M.Quliyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin faktları təsdiq edən sübutlardan məhkəməyə yalnız raportu və protokolu təqdim edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, qardaşı X2 axşam saatlarında ona zəng edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bu səbəbdən o, taksi sifariş edərək qardaşının olduğu yerə getmiş, özü də spirtli içki qəbul etdiyi üçün həmin vaxt orta sərxoş vəziyyətdə olmuşdur. Buna baxmayaraq, polis əməkdaşlarının xidməti fəaliyyətinə çətinlik yaratmamış, onların ünvanına nalayıq söyüşlər söyməmiş, sərxoşluq halının müəyyən edilməsi üçün tibbi müayinəyə razılaşmış, hadisə günü baş verənləri xatırlayır, polis əməkdaşları tərəfindən polis bölməsinə aparılan zaman onlara qarşı heç bir tabesizlik nümayiş etməmişdir. Bu səbəbdən özünü törədilmiş əməldə təqsirli bilmir, hansı səbəbdən məhməyə gətirilməsi ona məlum deyil. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 10 avqust 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Şəxs qardaşı R.Ə.Quliyevin olduğu ünvana yaxınlaşmış, özünü təqdim etmədən polis əməkdaşlarının fəaliyyətinə çətinlik yaratmağa başlamış və polis əməkdaşı dəfələrlə ona etdiyi xəbərdarlıqlara baxmayaraq o, hərəkətlərini davam etmiş və bu səbəbdən sonuncu 38-ci polis bölməsinə dəvət edilmiş və orada onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli raportdan görünur ki, həmin tarixdə saat təxminən 22:00 radələrində baş vermiş hadisə Şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində baş vermişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 11 avqust 2022-ci il tarixli, 2/19019 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə hesab edir ki, həmin hadisənin Sahil qəsəbəsində qapalı olmayan ərazidə baş verməsinə baxmayaraq, protokolu tərtib edən şəxs işə səthi yanaşmış hər-hansı şahid və ya şahidləri dindirmədən və izahatlar almadan, hadisə ilə bağlı hər hansı videogörüntüyə əsaslanmadan protokol tərtib etmişdir. Belə ki, məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında hadisə ilə bağlı videogörüntünün mövcud olduğunu ilkin olaraq qeyd etsə də, sonradan həmin çəkilişin ehtiyatsızlıq səbəbindən silindiyini bildirmişdir. Bununla da, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməl məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Yuxarıdakılara əsəsən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, əməldə inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar