Məhkəmə qərarları › İş №3(002)-902/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-902/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-902/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 02 may 2025-ci il tarixli qərarda göstərilmişdir ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Bakı Gəmiqayırma Zavodu'nda mexaniki şöbəsinin müdiri vəzifəsində işləyərkən həmin sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olmaqla, işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək "Bakı Gəmiqayırma Zavodunun mexaniki sexində dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işlərinin mexanikileşdirilmiş üsul ilə aparılması təmin edilməməsi və "xxxx"nun mexaniki sexində dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işinin qaydalara uyğun olaraq mexanikiləşdirilmiş üsul ilə aparılmalı olduğu halda, yonqarların işçilər tərəfindən yarı kəsilmiş çəlləyə yığılıb əl ilə aparılıb boşaldılmasına yol verdiyinə görə, vəzifə təlimatının 4.3, 4.4-cü bəndlərinə əsasən, 5160-89 "Mexaniki sexləri üçün sanitar Qaydaları (metalların kəsim emalı)"nın 4.1.5-ci bəndinin tələblərini pozaraq, X3 "xxxx" MMC-də texnik mexanik vəzifəsində işləyərkən xx.xx.2024-cü il tarixdə saat 08 radələrində tullantı qabına doldurulmuş metal yonqarları digər böyük tullantı qabına atan zaman əlinə ilişmiş yonqar hissələri sonuncunun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Qaradağ rayon prokuroru Fərid Nağıyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iə bağlı xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi X2 inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs barəsində inzibati məsuliyyət ekspert rəyinə əsasən müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, barəsində Qaradağ rayon prokurorluğunun verdiyi 02 may 2025-ci il tarixli qərarı ilə razı deyil. Belə ki, 2023-cü il tarixdən "Bakı Gəmiqayırma Zavodu'nda mexaniki şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi zavod ərazisində mexanika şöbəsi işçilərinin əmək fəaliyyəti, əməyin təhlükəsizliyinin təmin edilməsi, mühafizəsi və qorunmasına nəzarətdir. Şahin Salmanov xx.xx.2015-ci ildən zavodda mexanika şöbəsində texnik mexanik vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə evində olan zaman Şahin Salmanovun iş vaxtı xəsarət alması barədə ona məlumat verilmişdir. Nə məsələ olmasını soruşanda bilmişdir ki, Şahin Salmanov mexanika sahəsində daşına bilən kiçik tullantı qabında (tullantı badyası) toplanmış tullantı metal yonqarlarını digər iş yoldaşı Ramin Babayevlə sahədə quraşdırılmış böyük tullantı qabına atan zaman kiçik tullantı qabını yuxarı doğru qaldırmış, əyərək topa şəkildə qalan metal yonqarları digər böyük tullantı qabına atan zaman metal yonqarı sol əlinə ilişmiş, yonqarlar topa şəklində olduğundan onun əlini kəsmiş, nəticədə Şahin Salmanovun sol baş barmağı kəsilmişdir. Məsələ barədə dərhal zavod rəhbərliyinə məlumat verilmiş və Şahin Salmanov xəstəxanaya çatdırılmaqla cərrahi əməliyyat edilməsi təmin olunmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, metal yonqarları metal yonan frez dəzgahından (yonqar dəzgahı) çıxaraq dəzgahın yanında quraşdırılmış kiçik tullantı qabına atılır. Tullantı qabı dolduğundan elə özləri qabın tutacaq yerindən götürüb böyük tullantı qabına doğru aparıblar. Qaydalarla da bu belə tənzimlənir. Tullantı qabı tutacaq yerindən tutulmaqla yuxarı doğru qaldırılır və əyilərək tullantı metal yonqarları digər qaba tökülür. Tullantı qabını yuxarı qaldıran zaman metal yonqarı qabdan çıxaraq Şahinin əlini kəsmişdir. Şahinə keçirilmiş təlimatda da metal yonqarlarından ehtiyatlı olması, tullantı qabını çox doldurmaması, yonqarların itiliyinə görə kəsici olması, bu səbəbdən ehtiyatlı olmaları barədə Şahin və digər aidiyyəti işçilərə təlimatlar keçirilmişdir. Yonqarın atılması zamanı da yonqara toxunulmur, qab əyildikdə yonqar özü digər qaba düşür. Ancaq digər vaxtlarda yonqara metal çubuqlarla toxunulur. İş üzrə ekspertin əsaslandığı qanun qüvvədən düşüb, bununla razı deyil. Heç bir qanun pozuntusuna yol verməmişdir. Yonqarların balaca qablardan yığılaraq atılması işlərinin mexanikiləşdirilmiş üsul ilə həyata keçirilməsi "Bakı Gəmiqayırma Zavodunda" nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 8 N-li ekspert rəyinə görə X3 bədən səthində aşkar edilmiş xəsarət - sol əlin | barmağının əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşdə olan məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli 10/226 №-li ekspert rəyinə görə X3 almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar baş vermiş hadisənin texniki səbəbi 5160-89 "Mexaniki sexlər üçün sanitar Qaydaları (metalların kesim emalı)" nın 4.1.5-ci bəndinin tələbinin pozulması olmuşdur. 5160-89 "Mexaniki sexləri üçün sanitar Qaydaları"na uyğun olaraq, iş yerindən və dəzgahlardan yonqarların yığılması mexanikiləşdirilmiş üsul ilə aparılmalıdır. Bakı şəhəri,Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "xxxx"nun mexaniki sexinde dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işlərinin mexanikiləşdirilmiş üsul ilə aparılması temin edilmədiyinə görə, vəzifə təlimatının 4.3, 4.4cü bəndlərinə əsasən, 5160-89 "Mexaniki sexləri üçün sanitar Qaydaları (metalların kəsim emalı)"nın 4.1.5-ci bəndinin tələbi, həmin sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan mexaniki şöbəsinin müdiri tərəfindən pozulmuşdur (konkret şexs istintaq tərəfindən müəyyən edilə bilər). "xxxx"nun mexaniki sexində dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işinin qaydalara uyğun olaraq mexanikləşdirilmiş üsul ilə aparılmalı olduğu halda, yonqarların işçilər tərəfindən yarı kəsilmiş çəlləyə yığılıb əl ilə aparılıb boşaldılmasına yol verdiyinə görə, vəzifə təlimatının 4.4, 4.10-cu bəndlərinə əsasən 5160-89 "Mexaniki sexləri üçün sanitar Qaydaları (metalların kəsim emalı)"nın 4.1.5-ci bəndinin tələbi, həmin sexdə işlərin təhlükəsiz görülməsinə nəzarəti həyata keçirmiş supervayzer-maşinist tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, baş vermiş hadisə ile əlaqədar işçi X4 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəmə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli 10/226 №-li ekspert rəyinə görə X3 almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar baş vermiş hadisənin texniki səbəbi kimi 5160-89 "Mexaniki sexlər üçün sanitar Qaydaları (metalların kesim emalı)" nın 4.1.5ci bəndinin tələbinin pozulması qeyd olunmuşdur. Halbuki istinad olunan Qaydalar Azərbaycan Respublikası ərazisində qüvvədə olan normativ aktlar siyahısına daxil deyildir. Lakin inzibati araşdırmanı həyata keçirən orqan bu hala qiymət verməmiş və ekspert rəyini əsas tutaraq Şəxs əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmişdir. Bundan başqa işə əlavə olunmuş mexanika şöbəsinin müdirinin vəzifə təlimatında tullantı idarəçiliyi və sanitar qaydalarla bağlı heç bir öhdəlik qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurması faktı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar