Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-903/2022 11.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 11 avqust 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 2900 manat pul tutulmalıdır. Hazırda Şəxs yığılmış borcu 2250 (iki min iki yüz əlli) manat təşkil edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru A.S.Allahverdiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021-ci il saylı icra sənədi üzrə icraata 24 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən 01 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə tələbkarın xeyrinə 200 manat ödəniş etmiş, həmçinin borcundan aylıq 300 manat olmaqla tələbkara ödəyəcəyini bildirmişdir. Odur ki, tələbkarla razılığa gəldikləri üçün Qaradağ rayon məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan başqa borclu Şəxs 18 mart 2022-ci il tələbkarın xeyrinə 450 manat ödəniş etmişdir. Bundan sonra icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Şəxs icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, lakin ünvan 3 ünvanında yaşamadığı müəyyən olunmuşdur. 22 aprel 2022-ci il tarixdə borclu barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Qaradağ RPİ-yə göndərilmişdir. Borclu axtarış qərarına əsasən 11 avqust 2022-ci il tarixdə 10-cu polis bölmənin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. 77 nömrəli marşrut xəttində sürücü işləyir, aylıq gəliri 700-800 manatdan ibarətdir. Məktəblər bağlı olduğu üçün işləri zəifləyib. Odur ki, icra sənədi üzrə öhdəliyini yerinə yetirə bilmir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlavə olaraq Şəxs məhkəmə iclasında ona dövlət hesabına təyin ediləcək müdafiəçinin hüquqi xidmətindən imtina etmiş, həmçinin müdafiəçinin hüquqi xidmət göstərməsindən imtina etməsi ilə əlaqədar ərizəni imzalamamışdır. Bununla bağlı müvafiq akt tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar H.Ç.Qədimalıyev öz izahatında bildirmişdir ki, onun maddi vəziyyəti olduqca ağırdır, borclu Şəxsla hər ay 300 manat ödəməsi ilə bağlı 09 mart 2022-ci il tarixdə razılığa gəlmələrinə baxmayaraq, sonuncu 5 ay ərzində borcundan ayrı-ayrılıqda 450 manat və 200 manat olmaqla ümumilikdə 650 manat ödəniş etmişdir. Pula ehtiyacı olduğu üçün sonradan borcludan heç olmasa mövcud borcundan ayda 100-150 manat ödəməsini xahiş etsə də borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda borclu Şəxs ona 2250 (iki min iki yüz əlli) manat yığılmış borcu vardır, hesab edir ki, o, maddi imkansızlığı səbəbindən deyil qərəzli şəkildə borcunu ödəmir. Çünki əmək qabiliyyətli şəxs olaraq öhdəliyini tam icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bununla bağlı üzrlü səbəblər də qeyd edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 2900 manat pul tutulmalıdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 24 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 26 yanvar 2022-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 3(002)-362/2022 nömrəli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli ərizədən görünür ki, o, borclu Şəxs 200 manat pulu almış, qalan borcunu aylıq 300 manat olmaqla ödəyəcəyi barədə razılığa gəlmişlər. İş materiallarında olan 18 mart 2022-ci il tarixli qəbzdən görünür ki, X3 borclu Şəxs 450 manat pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 2900 manat pul tutulmalıdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Şəxs icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, ünvanda olduqları zaman sonuncunun ünvan 3 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Qaradağ RPİ-yə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlı tərəfindən Qaradağ rayon icra və probasiya şöbəsinə ünvanlanmış 11 avqust 2022-ci il tarixli, 070-30423 nömrəli məktubdan görünür ki, axtarışa elan olunmuş Şəxs saxlanılaraq aidiyyəti üzrə icra şöbəsinə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(064)-1534/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 2900 manat pul tutulmalıdır. İcra sənədi üzrə icraata 24 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, mövcud borcundan 450 manat və 200 manat olmaqla ümumilikdə 650 manat ödəniş etmiş, hazırkı günə 2250 (iki min iki yüz əlli) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qaradağ Rayon İcra Şöbəsinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-903/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-903/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver