Məhkəmə qərarları › İş №3(002)-905/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-905/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-905/2022 05.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Nümayəndə, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Laçın rayonu Köhnəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şuşa şəhəri, M.Qorki küçəsi 1-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X1 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə rəisi X3 tərəfindən qəbul olunmuş 27 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə rəisi X3 tərəfindən qəbul olunmuş 27 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində H-198 nömrəli, 20 aprel 2014-cü il tarixli şəhadətnamə ilə Qaradağ rayon Polis İdarəsində qeydiyyatda olan 20 mm-lik qoşa lülə ov tüfəngi var. Həmin ov tüfəngini ona məxsus olan qalın dəmirdən qapısı olan daş qarajda, qalın dəmirdən yığılmış etibarlı şəkildə kilidlənən seyfdə sökülmüş vəziyyətdə saxlayır. xx.xx.2021-ci il tarixində Qaradağ rayon 10-cu Polis Bölməsinin bir zabiti ona zəng vuraraq silahı yoxlamaq istədiyini bildirmiş, o isə evdə olduğunu və gələ biləcəyini bildirmişdir. Bir azdan həmin polis zabiti öz şəxsi maşınında yaxınlaşmış və o da qarajın və daha sonra seyfin qapısını açaraq baxmasına icazə vermişdir. O, öz telefonunda hər tərəfli çəkiliş edərək çıxıb getdi və təxminən 1-2 saatdan sonra gələrək onu öz maşınına dəvət edib bildirdi ki, silah saxlama qaydasını pozmağı haqqında olan protokola qol çəksin. O heç bir qayda pozuntusu etmədiyini bildirərək protokola qol çəkməkdən imtina etmişdir. Bir neçə aydan sonra, təsadüfən, ”myGov”elektron hökumət portalında İnzibati Xətalar Məcəlləsinin 588-ci maddəsi ilə 80 (səksən) manat cərimə olunduğunu öyrənmişdir. Daha sonra o, Qaradağ rayonu 10-cu polis bölməsinə gedərək ona yazılmış protokolun bir nüsxəsini istəsə də, ona təqdim etməmişlər. Səbəb isə protokola qol çəkməsə bunun mümkün olmaması bildirilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə o rəsmi ərizə ilə 10-cu polis bölməsinə müraciət etmiş, xx.xx.2022-ci ildə 10-cu polis bölməsi onun haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № 09581020 saylı inzibati xəta haqqında Protokolun və xx.xx.2021 tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətlərini poçt vasitəsi ilə məktub şəklində ona göndərmişlər. Əgər qanun pozuntusu varsa Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” qaydalarının 3.10-cu maddəsində qeyd olunduğu kimi, həmin qanun pozuntusunun dərhal və ya növbəti baxışın keçirilməsinədək aradan qaldırılması barədə zəruri tapşırıqlar verilməli idi. Onu da qeyd etmişdir ki, Şuşa şəhər sakinidir, Qarabağ müharibəsi veteranıdır, heç bir yerdə işləmir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətini müdafiə etdiyini qeyd edib əlavə olaraq izahatında göstərmişdir ki, 27 avqust 2021-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Nümayəndə izahatında bildirmişdir ki, E.Hacıyev özünə məxsus olan ov tüfəngini yaşadığı ünvandan kənarda saxlamışdır. Qarajın ona məxsus olması barədə heç bir sənəd təqdim olunmamışdır. 27 avqust 2021-ci il tarixdə X4 mülki və ov silahının qeydiyyatı qaydasını pozduğu üçün barəsində protokol tərtib olunmuşdur. Hesab edir ki, X1 şikayət ərizəsi əsassızdır, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci bəndinə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 588-ci maddəsinə əsasən Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də proses iştirakçılarının izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X1 barəsində 27 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydalarının 3.10cu bəndinə əsasən Baxışın keçirilməsi nəticəsində kiçik qüsurlar aşkar edildikdə vəziyyətə uyğun olaraq onların dərhal və ya növbəti baxışın keçirilməsinədək aradan qaldırılması barədə baxışı keçirən əməkdaşlar tərəfindən silahın və onun döyüş sursatının saxlanılması üçün məsul olan şəxslərə zəruri tapşırıqlar verilir. Həmin qüsurların vaxtında aradan qaldırılmaması, sistematik şəkildə belə qüsurlara yol verilməsi və ya baxış nəticəsində kobud pozuntuların aşkar edilməsi təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsinə səbəb olur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Nümayəndə izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 tərəfindən mülki və ov silahının qeydiyyatı qaydasını pozması halı müəyyən edilərək inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd etsə də buna dair heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, iş materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, 20 mm-lik qoşa lülə (BM-20) ov tüfənginin saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Qaradağ rayon Polis İdarəsi tərəfindən X2 H-198 nömrəli, 20 aprel 2014-cü il tarixli şəhadətnamə təqdim olunmuşdur. X1 mükiyyətində olan silahın qeydiyyata alınması ilə bağlı hər hansısa inzibati xəta halına yol verməsi müəyyən edilməmişdir. Lakin, qeyd olunan silahın Qaradağ rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş H-198 nömrəli şəhadətnamədə göstərilmiş ünvanda deyil, yaşadığı mənzilin həyətində yerləşən daş divarla hörülmüş, dəmir qapı ilə mühafizə olunan ona məxsus qarajda dəmir seyfin daxilində saxlanması halı müəyyən edilərkən, silahın H-198 nömrəli şəhadətnamə üzrə mənzilə daşınması üçün X2 tapşırıq və vaxt verilmədən, həmçinin qarajın ona məxsus olduğunu təsdiq edən sənədini təqdim etməsi üçün qaydalara uyğun olaraq vaxt verilmədən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X1 barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə rəisi X3 tərəfindən qəbul olunmuş 27 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə rəisi X3 tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar