Məhkəmə qərarları › İş №3(002)-911/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-911/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-911/2022 16.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızının iştirakları ilə, Qarayeva (Çıraqova) Günel Fikrət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X1 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qarayeva (Çıraqova) Günel Fikrət qızının barəsində Azərbaycan Respublikası İXMnin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 09 avqust 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yeni məhəllə (ünvan ünvanında yerləşən fiziki şəxs G.F.Çıraqovanın sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi “İnci” Estetik Mərkəzində həyata keçirilən operativ vergi nəzarəti zamanı hər hansı əsaslı səbəb göstərmədən obyektə daxil olunmasına mane olunmuş, eyni zamanda operativ vergi nəzarəti zamanı şəxsiyyəti kəsb edən suallara dair izahat təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızı izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız və natamamdır. Belə ki, idarənin əməkdaşları tərəfindən 2 dəfə ünvana baxış keçirilmişdir. 1-ci dəfə gəldiklərində onlar obyektə daxil olaraq müvafiq məlumatların qeydiyyatını aparmışlar, obyektin vergi orqanında qeydiyyata alınıbalınmamasını soruşmuşlar. 2-ci dəfə gəldiklərində isə gözəllik salonunda müştərilərin olması səbəbindən bir qədər gözləməklərini xahiş etmişdir. Onları dəvət etmək istədikdə həmin əməkdaşların ərazidən uzaqlaşdıqlarını müəyyən etmişdir. Barəsində əsassız protokol tərtib olunmuşdur. Həmin protokol barədə ümumiyyətlə məlumatsızdır. Məhkəməyə çağırıldıqda barəsində inzibati xəta haqqında protokol tərtib olunması barədə məlumat almışdır. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 07 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən Bakı şəhər X1 üzrə Baş İdarəsinin Hüquq İdarəsinin İddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası Nümayəndə məhkəməyə 9 avqust 2022-ci il tarixli, 001530 nömrəli aktı təqdim edərək bildirmişdir ki, fiziki şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızı vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Nümayəndə ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Xidmətin əməkdaşları tərəfindən G.F.Çıraqovaya aid gözəllik salonunda yoxlama keçirilməsinə maneə yaradılması barədə məlumatı olmadığından mövcud natamamlığın aradan qaldırılması üçün protokolu tərtib etmiş şəxslərin məhkəmə iclasına dəvət olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X1 üzrə Baş İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. 9 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin məhkəmə iclasında iştirakı təmin edilməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli aktdan görünür ki, fiziki şəxs G.F.Çıraqovanın iştirakı ilə akt tərtib olunmuş, lakin sonuncu hər hansı əsaslı səbəb göstərmədən sərbəst aktla tanış olmaqdan və aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızının izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızına təqdim olunmamış və ya ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etməsi onun həmin protokolun surətini almaq hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X1 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan maddəyə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraz edərək göstərilən halların baş vermədiyini bildirməsi, məhkəmə iclasına inzibati orqan tərəfindən göndərilmiş səlahiyyətli nümayəndənin tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilənlərdən məlumatının olmaması və inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın əməkdaşlarının məhkəmə iclasında iştirakının təmin edilməməsi səbəbindən məhkəmə üçün yaranmış natamamlığı məhkəmə iclasında aradan qaldırmaq mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi, protokola əsasən məsuliyyətə səbəb olan hərəkətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həqiqətən törədilib-törədilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Qarayeva (Çıraqova) Günel Fikrət qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qarayeva (Çıraqova) Günel Fikrət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar