Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-914/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan «Holcim (Azərbaycan)» ASC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Holcim (Azərbaycan)» ASC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 18 mart 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, «Holcim (Azərbaycan)» ASC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat DYPŞna beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə «Holcim (Azərbaycan)» ASC-yə və Qaradağ RPİ-nin DYPŞ-na təkrarən rəsmi qaydada məlumat verilsədə həmin təşkilatlardan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, «Holcim (Azərbaycan)» ASC tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, «Holcim (Azərbaycan)» ASC-yə məxsus olan «Hyundai HD 35 yük” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs 05 mart 2024-cü il tarixdə, saat 22:40da Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı edilən sorğunu «Holcim (Azərbaycan)» ASC qəbul etsə də, sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməmişdir. Ona görə də «Holcim (Azərbaycan)» ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. «Holcim (Azərbaycan)» ASC tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş ərizədə şirkət tərəfindən müvafiq avtomobillər barəsində 04 aprel 2024-cü il tarixdə məlumat verildiyi qeyd edilsə də iş materiallarına əlavə edilmiş reyestrin surətindən aydın olur ki, inzibat xəta haqqında bildiriş «Holcim (Azərbaycan)» ASC-yə 06 mart 2024-cü il tarixdə ünvanlanmış və bildiriş «Holcim (Azərbaycan)» ASC tərəfindən 11 mart 2024-cü il tarixdə alınmışdır. İnzibati xəta haqqında protokol isə 18 mart 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi bildirişin göndərilməsi ilə inzibati xəta haqqında protokolun qəbul edilməsi arasında yeddi gün keçmişdir. Yəni İXM 347.1-ci maddəsində nəzərdə tutulan müddət gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 347-ci maddəsində göstərilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə: vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci, 114, 115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan «Holcim (Azərbaycan)» ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-914/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-914/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver