Məhkəmə qərarları › İş №3(002)-923/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-923/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-923/2022 23.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsi nə daxil olmuşdur. İnzibati xəta haqqında 23 avqust 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(002)-4293/2017 saylı icra sənədinə əsasən 05 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs X3 xeyrinə hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda Şəxs 2932 (iki min doqquz yüz otuz iki) manat yığılmış borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru İ.M.Məmmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 30 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4293/2017 nömrəli, icra sənədi üzrə icraata 05 dekabr 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtı-vaxtında gəlməkdən yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmasına baxmayaraq, qeyri-müntəzəm ödənişlər etmiş, lakin 2021-ci ilin dekabr ayından etibarən ümumiyyətlə ödəniş etməmişdir. Borclunun rəsmi yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və yaşamadığı müəyyən olunduğu üçün barəsində xx.xx.2021-ci il tarixdə axtarış elan olunmuşdur. Şəxs xx.xx.2022-ci il də Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi tərəfindən saxlanılaraq Qaradağ rayon icra şöbəsinə təhvil verilmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. İcra sənədini icra etməmək səbəbi 2021-ci ilin dekabr ayından işdən çıxması olmuşdur. Daha sonra ürəyindən əməliyyat keçirməsi, səhhətində olan problemlər alimenti ödəməsini daha da çətinləşdirmişdir. 3 gündür ki, restoranda ofisiant kimi çalışmağa başladığın bildirərək sabah 500 manat ödəyəcəyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar G.E.Əhmədova öz izahatında bildirmişdir ki, onun maddi vəziyyəti zəifdir, həmçinin himayəsində olan uşağı xəstədir. Bununla yanaşı borclu qərəzli şəkildə aliment borcundan yayınır, hazırda onun 2932 (iki min doqquz yüz otuz iki) manat yığılmış aliment borcu var. Buna baxmayaraq, əmək qabiliyyətli şəxs olaraq uzun müddətdir ödəniş etməmiş, bununla bağlı üzrlü səbəblər də qeyd edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati qaydada həbs tənbeh növünün tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(002)-4293/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 05 iyun 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 05 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(002)-4293/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 05 dekabr 2017-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(002)-4293/2017 saylı icra sənədi üzrə müəyyən edilmiş tələbin təmin edilməsi məqsədilə borclu Şəxs olduğu ünvana baxış keçirilmiş sonuncunun ünvan 1 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin rəisi Natiq Camalov tərəfindən Qaradağ rayon icra və probasiya şöbəsinə ünvanlanmış 23 avqust 2022-ci il tarixli, 070-7201-122 nömrəli məktubdan görünür ki, Şəxs 23 avqust 2022-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə icra şöbəsinə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən müxtəlif tarixlərdə 100 manat, 150 manat və 300 manat olmaqla tələbkar X3 xeyrinə ödənişlər edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(002)-4293/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 05 iyun 2014-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. İcra sənədi üzrə icraata 05 dekabr 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtı-vaxtında gəlməkdən yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmasına baxmayaraq, 2021-ci ilin dekabr ayından etibarən ümumiyyətlə ödəniş etməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs aliment borcunu dekabr ayından etibarən ödəməməsinə səbəb olaraq səhhətində yaranmış problemləri qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 23 avqust 2022-ci il saat 11:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar