Məhkəmə qərarları › İş №3(002)-925/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-925/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-925/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 fevral 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 7AFZWAK), subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 13 may 2022-ci il tarixində Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi ərazisində polis əməkdaşlarına qarşı hörmətsizlik etdiyinə görə Qaradağ RPİ-nin 11-ci PB-nə bölməsinə gətirilmiş və müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 11ci PB-nin sahə inspektoru Z.Q.Qiyasov protokolu müdafiə edərək, Şəxs barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Həmçinin, məhkəmə iclasında Z.Q.Qiyasov bundan başqa verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, uzun illərdir Şəxs ailəsi ilə birlikdə yaşadığı ərazidə xidmət edir. Şəxs üç qardaşı “44 günlük Vətən Müharibəsi” iştirakçıları olmuşlar, ümumiyyətlə onun ailəsi barədə həmin ərazidə yaşayan sakinlər arasında mənfi fikir formalaşmamışdır və həmin ailənin üzvlərindən heç kəs narkotik vasitə istifadəçisi kimi qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, may ayının 13-ü tarixində onunla eyni məhəllədə yaşayan qonşusu 11-ci PB-nin əməkdaşları tərəfindən bölməyə aparılaraq orada saxlanılırdı. Həmin şəxsə ailəsinin göndərmək istədiyi bəzi əşyaların hansı formada çatdırılması üçün 11-ci PB-nin əməkdaşı R.Qurbanova zəng etdikdə, onun tərəfindən kobud davranışa məruz qalaraq, küçə söyüşləri ilə təhqir olunmuşdur. Həmin gün, telefon danışığından sonra yaşadığı məhəllədə olduğu zaman qeyd olunan bölmənin əməkdaşları tərəfindən bölməyə aparıldığını, orada bir gün saxlanıldığını, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyi halda, barəsində polis işçisinin qanuni tələblərinə tabe olmama əsası ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. R.Qurbanov tərtib etdiyi protokola dair sübutlar təqdim edə bilmədiyi üçün, o, məhkəmə zalından azad edilmişdir. Bundan sonra R.Qurbanov onu narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəyə göndərmişdir. Narkotik maddə istifadə etmədiyi halda həmin rəydə narkotik maddədən istifadə etməsi halı qeyd olunmuşdur. 13 may 2022-ci il tarixdə R.Qurbanovun raportu əsasında toplanmış materiallar onun barəsində cinayət işi başlanması üçün təhqiqata göndərilmiş, 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-də müayinə olunduqda isə narkomaniya xəstəliyindən əziyyət çəkməməsi barədə rəy verilmişdir. 07 iyun 2022-ci il tarixdə 11-ci PB-nin baş əməliyyat müvəkkili M.Əhmədəliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Barəsində tərtib ounmuş nə əvvəlki nə də hazırkı protokollar üzrə özünü təqsirli bilmədiyini, qeyd olunan tarixdə narkotik vasitədən istifadə etmədiyini qeyd edərək, inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına əlavə olaraq bildirmişdir ki, hesab edir ki, polis əməkdaşı R.Qurbanov ona məlum olmayan səbəbdən onunla ədavət apardığı üçün 13 may 2022-ci il tarixdən müxtəlif əsaslar gətirməklə onun barəsində protokol tərtib edir, çünki hələ 13 may 2022-ci il tarixində onu bölməyə apararkən onu narkotik maddə istifadə etməsi ilə həbs edəcəyini də ona bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş protokoldan görünür ki, 13 may 2022-ci il tarixində Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi ərazisində polis əməkdaşlarına qarşı hörmətsizlik etdiyinə görə Qaradağ RPİ-nin 11-ci PB-nə bölməsinə gətirilmiş və müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 13 may 2022-ci il tarixli 1857 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində THC (+) aşkar edilmişdir. İş materialında olan ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 18 may 2022-ci il tarixli, 2599 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannaboidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazrıda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Murad Əhmədəliyev tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 13 may 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə 11-ci PB-nin baş əməliyyat müvəkkili R.Qurbanov arasında baş tutmuş telefon danışığı zamanı mübahisə yaranmışdır. Daha sonra R.Qurbanov polis bölməsinin digər əməkdaşları ilə Şəxs yaşadığı əraziyə gələrək onu əvvəlcə polis bölməsinə aparmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Qaradağ rayon məhkəməsinin 13 may 2022-ci il tarixli, 3(002)-578/2022 nömrəli qərardadı ilə protokol və ona əlavə olunmuş sənədlər natamam olduğu üçün geri qaytarılmışdır. Şəxs barəsində cinayət işi başlanması üçün R.Qurbanov topladığı materialı təhqiqata təqdim etmişdir. 07 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar 11-ci PB-nin aidiyyəti əməkdaşlarına təqdim olunmuşdur. 24 avqust 2022-ci il tarixdə isə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 avqust 2022-ci il tarixli, ******* nömrəli protokol qanunsuz, əsassız və qərəzli olaraq tərtib edilmişdir. Heç bir mötəbər sübuta əsaslanılmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmiş baş əməliyyat müvəkkili R.Qurbanov eyni tarixdə Qaradağ rayon məhkəməsində tərtib etdiyi protokol üzrə izahat verərkən, Şəxs narkotik vasitə istifadə edib-etməməsi barədə məhkəmədə ümumiyyətlə fikir bildirməmişdir. Protokolun geri qaytarılması barədə qərardad qəbul edildikdən sonra onu narkotik vasitə istifadəçisi kimi polis bölməsinə təhvil vermişdir. Belə ki, məhkəmə protokolu tərtib etmiş şəxsi, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, əməldə inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar