Məhkəmə qərarları › İş №3(002)-926/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-926/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-926/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********0514 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş “birdəfəlik kağız qapaqlar” adlı malların netto çəkisinin digər mal mövqeləri üzrə bəyan edilmiş “birdəfəlik” qabların netto çəkisi ilə mütənasiblik təşkil etmədiyi, eyni zamanda 6-cı mal mövqeyində bəyan edilmiş “alüminium folqa” adlı malların netto və brutto çəkiləri arasında iki dəfə fərq olması riskli hal kimi qiymətləndirilərək qeyd olunan mallara Xocasən gömrük terminalında ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı xx.xx.2024-cü il tarixli **********0514 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində netto çəkisi 6330,00 kq kimi bəyan edilmiş “birdəfəlik kağız qapaqlar” adlı malların netto çəkisinin 1805,00 kq az olduğu, yəni 4525,00 kq olduğu, 3-cü mal mövqeyində netto çəkisi 1184,00 kq, brutto çəkisi 1508,00 kq kimi bəyan edilmiş “Fiol adlı alüminiumdan qablaşdırma” mallarının brutto çəkisinin 3315,00 kq, netto çəkisinin isə 2989,00 kq olduğu, yəni malların netto çəkisinin 1805,00 kq artıq olduğu, eyni zamanda 6-cı mal mövqeyində 30 yer netto çəkisi 150 kq kimi bəyan edilmiş “alüminium folqa” adlı malların 35 yer və netto çəkisinin 210,00 kq olduğu aşkar edilmişdir. Bununla da Şəxs MMC artıq çıxan və gömrük bəyannaməsində və heç bir mal müşayiət sənədində qeyd edilməyən, üzərində “Parsıda Sımın 500pcs” sözləri yazılmış 154 qutuda qablaşdırılmış “birdəfəlik alüminium qablar” – 77000 ədəd, üzərində “Parsıda Sımın 1000pcs” sözləri yazılmış 64 qutuda qablaşdırılmış “birdəfəlik alüminium qablar” – 64000 ədəd, 50 ədəd üzərində “Aluminium Foil 10pcs” sözləri yazılmış 5 qutuda qablaşdırılmış “rulon halda falqalar” gömrük orqanına düzgün bəyan edilməmişdir. İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən 04 mart 2024-cü il tarixli 3-33- 1800/2-000293/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”-dən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş 13 mart 2024-cü il tarixli 9/1851 №-li ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş yuxarıda sadalanan malların xx.xx.2024-cü il tarixinə olan orta bazar qiyməti təxminən 16320 (on altı min üç yüz iyirmi) manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malları düzgün bəyan etməmiş, yəni gömrük bəyannaməsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, mallar barədə düzgün olmayan məlumatları göstərmişdir, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsilə düzgün tövsif edilmişdir və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində aşağı həddə cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, malların dəyərinin, yəni 16320 (on altı min üç yüz iyirmi) manat məbləğin 30 (otuz) faizi miqdarında, yəni 4896 (dörd min səkkiz yüz doxsan altı) manat miqdarda cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar