Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-931/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası X5 Bakı regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun baş məsləhətçisi, kiçik dövlət quluqçusu X3, Şikayət vermiş şəxs X7 iştrakları ilə, X7, X1 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X10 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı, 02 iyul 2024-cü il tarixli inzibati tənbeh olunması ilə bağlı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 26 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədli ona telefonla zəng edərək İcra Şöbəsinə dəvət etmişdir. X11 bildirmişdir ki, X2 Bakı regional bölməsi tərəfindən 300 manat məbləğində cərimə olunmuşdur. Cərimənin icrası ona həvalə edilmişdir. Bu haqda olan qərarın surətini də ona təqdim etmişdir. O, X2 Bakı regional bölməsi tərəfindən 300 manat məbləğində cərimə olunduğu barədə ilk dəfə məlumat aldığını Səbuhi Əhmədliyə demişdir. Bu qərardan məhkəməyə şikayət verəcəyini icra məmuruna bildirib, bu şikayətə məhkəmə tərəfindən baxılıb başa çatana qədər icranı dayandırmasını xahiş etmişdir. Həqiqətən də o işində belə bir faktla, yoxlama və cərimə olunma faktı ilə rastlaşmamışdır. İlk dəfə icra şöbəsindən məlumat almışdır. Ona qədər nə tərtib olunmuş protokoldan, nə də 300 manat məbləğində cərimə olunduğundan məlumatı olmamışdır. Bildirmişdir ki, peşəcə qəssabdır. 2024-cü ilin may ayından o cərimə olunduğu həmin "ət dünyası" ət satışı mağazasında adi satıcı işləmişdir. Maddi məsul şəxs o olmamışdır. Maddi məsul şəxs X4 olmuşdur. Taryeldən sonra bir neçə ay da onun bacısı oğlu Vasif adlı şəxs maddi məsul şəxs olmuşdur. O, 01 noyabr 2024-cü il tarixdən bu ǝt satışı mağazasının maddi məsul şəxsi olmuşdur. Ət mağazasının sahibi Taryeldən mağazanı icarəyə götürmüşdür. Ət kəsimini işlədiyi mağazada aparmır. Hazır ət baytarlıq arayışı ilə birlikdə mağazasına gətirilib təhvil verilir. O isə onun satışını həyata keçirir. Ətin baytar həkim müayinəsindən keçirilməsi də həmin ət kəsimi yerində həyata keçirilir. Ona gətirilən ətin satışa yararlığını təsdiq edən ən azı üç yerində möhür vurulması da olur. Möhürlənmə və baytar arayışı olmazsa təbii ki, o əti qəbul etməz və satmaz. Bu ət kəsimi və satışa yararlığının ekspertizası aparılması prosesi Lökbatanda, bazarın arxasındakı ət kəsim məntəqəsində aparılır. Bu bir ardıcıl prosesdir və ola bilməz ki, ət kəsimi aparılsın, ancaq satışa yararlığını təsdiq edən baytar həkim müayinəsi aparılmasın. Bunlar eyni vaxtda aparılır. Baytar həkimin həmin ət kəsim yerində kabineti və ekspertiza aparmaq şəraiti (labaratoriya) var. Hər kəsilən iri və xırda buynuzlu heyvanların ətindən baytar həkim nümunə götürür və satışa yararlılığı müayinədən keçirilir. Bir qaydada olaraq ət gətirilib satışı üçün ona təhvil veriləndə də həmin baytar həkim arayışı da ona verir. 02 iyul 2024-cü il tarixdə çıxarılmış MN ******* saylı qərardan aydın olur ki, guya 01 iyul 2024-cü il tarixdə mağazasında baytarlıq ekspertizasından keçirilməmiş ət satışı aparılmışdır. Bu mümkünsüzdür, çünki ətin kəsildiyi məntəqədə baytar həkim var və bütün ət kəsimlərini satışa yararlılığını yoxlayır və arayış verir. 01 iyul 2024-cü il tarixdə də mağazada belə bir yoxlama olmamışdır. Olmuşdursa da bundan onun xəbəri yoxdur. Elə bir hal da olmur ki, satışa gətirilən ətin üzərində baytar həkimin möhürü olmasın və satışa yararlılığı ilə bağlı arayış verilməsin. Təkrarən bildirir ki, həmin "Ət dünyası" mağazasında 2024-cü ilin may ayından satıcı kimi işləmişdir. Maddi məsul şəxs kimi isə 01 noyabr 2024-cü il tarixdən işləyir. Nə satıcı işlədiyi dövrdə, nə də maddi məsul şəxs olduğu dövrdə X2 Bakı regional bölməsi tərəfindən mağazada yoxlama aparılmayıb, hər hansı nöqsan da müəyyən edilmǝyib. Qeyd olunan protokolun yazılması halı olmamışdır. Daha doğrusu o, belə bir halın şahidi olmamışdır. Kimsə də ona belə bir irad tutmamışdır. Belǝ bir halla bağlı qərarla da o yalnız icra şöbəsində məlumatlanmışdır. Həmin vaxta qədər belə bir qərar nə rəsmi, nə də qeyri rəsmi qaydada ona təqdim edilməmişdir. Əgər belə bir halla bağlı protokol tərtib olunmuşdursa da bunu onun haqqında yox, həmin dövrdə maddi məsul olan şəxsin haqqında tərtib edib, onunda cərimə edilməsi haqda qərar çıxarılmalı idi. Odur ki, bu qərara etiraz edir, onun məhkəmə qaydasında tam, hərtərəfli və obyektiv araşdırılıb ləğv edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən X10 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin may ayında Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 248 ünvanında yerləşən “Ət dünyası” adlı qəssab dükanında satıcı kimi işləməyə başlamışdır. 2024-cü ilin noyabr ayından isə adına olan VÖEN-i aktivləşdirmiş və mağazanı icarə əsasında idarə etməyə başlamışdır. Barəsində inzibati tənbehvermə haqqında qərarın qəbul olunmasından 26 aprel 2025-ci il tarixdə Qaradağ rayon İcra Şöbəsinə dəvət olunarkən xəbəri olmuşdur. Onun istər adi satıcı, istərsə də məsul şəxs kimi işlədiyi dövrdə mağazada yoxlama aparılmasından xəbəri olmamışdır. Yoxlama aparılsaydı belə həmin dövrdə adına VÖEN aktiv olmadığından protokol və inzibati təbhevermə haqqında qərar onun barəsində tərtib edilə bilməzdi. Bundan başqa qəssab dükanında satdığı ət məhsullarının hər biri baytarlıq yoxlamasından keçirilərək qəsəbədə yerləşən restoranlara və ət satılan mağazalara təhvil verilir. Belə olan təqdirdə onun ekspertiza aparılmayan ət məhsullarını satması mümkünsüzdür. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 Bakı regional bölməsinin nümayəndəsi X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 01 iyul 2024-cü il tarixdə X5 Bakı regional bölməsinin əməkdaşlarının Qaradağ RPİ-nin 10-cu PŞ-nın əməkdaşları ilə birlikdə keçirdikləri yoxlama zamanı X7 qanunsuz ət satışı həyata keçirdiyi aşkar olunmuşdur. Faktla bağlı 01 iyuı 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola X10 şəxsən imza çəkərək törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. 19 iyul 2024-cü il tarixdə X8 bildiriş ünvanlaraq onun 31 iyul 2024-cü il tarixdə, saat 10:30-da Agentliyin Bakı regional bölməsinə gəlməli olduğu bildilmişdir. Vətəndaş Agentliyin Bakı regional bölməsinə yaxınlaşmamış, nəticədə 31 iyul 2024-cü il tarixdə barəsində MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunaraq 300 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi X7 barəsində tərtib edilmiş protokoldan xəbəri olmuş, özü şəxsən protokola imza atmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan yoxlama müvafiq qaydada rəsmiləşdirilməklə videolentə alınmışdır, lakin hadisədən uzun müddət keçdiyindən ona vaxt veriləcəyi təqdirdə həmin videogörüntünü məhkəməyə təqdim edə bilər. Bununla da müəyyən olunmuşdur ki, X7 İXM-nın 298.0.2-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X10 barəsində protokol tərtib edilərkən şəxsən iştirak etdiyini, həmin protokoldakı imzaların ona məxsus olduğunu, lakin protokolun məzmununu bilməyərək onu imzaladığını qeyd etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X10 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən ət satışı mağazasında heyvan mənşəli məhsulları baytarlıq ekspertizası aparılmadan satışını həyata keçirdiyinə görə İXM-nın 289.0.2-ci maddəsinin tələblərini pozmuş və 300 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinin tələbinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X10 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7, Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-931/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-931/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver