Məhkəmə qərarları › İş №3(002)-941/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-941/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-941/2022 01.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsiili, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 01 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 31 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 31 avqust 2022-ci il tarixdə, gecə 03:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində vətəndaş X2 evinin yaxınlığından kanalizasiya qapağını və həmin vətəndaşa məxsus müşahidə kamerasının kabelini oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 31 avqust 2022-ci il tarixdə, gecə 03:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində vətəndaş X2 evinin yaxınlığında kanalizasiya qapağını və həmin vətəndaşa məxsus müşahidə kamerasının kabelini oğurlamış və nəticədə X4 100 manat məbləğində ziyan vurmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, inzibati xəta törətmiş şəxs tərəfindən vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir. İnzibati xəta törətmiş şəxs tüfeyli həyat tərzi keçirməklə əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş və hal-hazırda da narkotik vasitələrin aludəçisidir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə, gecə 03:00 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində enerji içkilərinin boş dəmir qablarını yığırmış. Bu zaman Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən İzlivnoy küçəsində vətəndaş X2 evinin yaxınlığında kanalizasiya qapağını və həmin vətəndaşa məxsus müşahidə kamerasının kabelini oğurlamışdır. O, qeyd olunan dəmir lyuku 26 manat satmışdır. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, X3 törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə X3 inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 31 avqust 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati işlə əlaqədar 31 avqust 2022-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş və 01 sentyabr 2022-ci il tarixdə, saat 10:25-də azad edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 22 (iyirmi iki) gün müddətə inzibati qaydada həbs saxlanılsın. Həbs müddətinin əvvəli 01 sentyabr 2022-ci il saat 11:45-dən hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, inzibati xəta nəticəsində onlara vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar