Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-942/2022 01.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində vətəndaş X5 məxsus evin yaxınlığında kanalizasiya qapağını və mənzilin görüntü kamerasının kabellərini oğurlamışdır. Faktla bağlı zərərçəkmiş şəxs 10-cu PB-yə müraciət etmiş və həmin müraciət əsasında təhqiqatçı tərəfindən müvafiq araşdırma aparılmışdır. Təhqiqatçının qəbul etdiyi 31 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10cu PB-nin aidiyyati əməkdaşına verilmişdir. Həmin polis şöbəsinin sahə inspektoru X7 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə rəisi F.M.Bağırov çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 31 avqust 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tərəfindən tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, iş materialları ilə tanış olmuş, xahişi ilə yaxın qohumlarına məlumat verilmiş, 31 avqust 2022ci il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Həmçinin bildirmişdir ki, tutularkən hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı olmadığından vəkildən imtina etmişdir, bu, onun maddi vəziyyəti ilə bağlı deyildir, heç bir əlillik dərəcəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Şəxs 31 avqust 2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, 01 sentyabr 2022-ci il tarixdə, saat 10:25-də azad edilmişdir. 31 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru polis kapitanı X3 raportu və vətəndaş X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzova ünvanlanmış 01 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 31 avqust 2022-ci il tarixdə Şəxs və X2 tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müfşiqabad qəsəbəsi İzlivnoy küçəsində X4 evinin yaxınlığından kanalizasiya qapağının və ona məxsus videomüşahidə kamerasının kabelinin oğurlaması barədə toplanmış HK-1-2632 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X1 barəsində İXM-nin 227-ci maddəsi ilə qərar qəbul edilmişdir. Qərarın icrasının təmin edilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs T.F.Nəsibov tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs T.F.Nəsibov sonuncuyla barışmış və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-942/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-942/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver