Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-943/2022 01.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində 01 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-1670/2022 saylı, 22 iyun 2022-ci il tarixli tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1670/2022 saylı, 22 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 22 may 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 169 manat məbləğində borcun və 16 manat məbləğində cərimə borcu olmaqla cəmi 185 manat məbləğində borc pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu indiyədək borcundan heç bir ödəniş etməmiş və ümimilikdə 215 manat borcu qalmaqdadır. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra sənədindən xəbəri vardır. Özü “Bolt” şirkətində taksi sürücüsü işləyir və şəxsi və ailə münasibətlərindən irəli gələn sıxıntılar üzündən və digər borcları da olduğundan qeyd olunan 215 manat borc məbləğini ödəməkdə çətinlik çəkir. Qeyd olunan özündən asılı olmayan səbəblərdən icra sənədinin icrasını həyata keçirməmişdir, lakin şərait yaradılacağı təqdirdə bu ayın onuna qədər qeyd olunan borcu tam ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mülki işlə əlaqədar icra məmuru tərəfindən 16 avqust 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın surətinin borcluya göndərilməsi barədə iş materiallarına əlavə edilmiş “SMS bildiriş”dən aydın olur ki, borclu bu barədə 22 avqust 2022-ci il tarixdə məlumatlandırılmışdır. Göründüyü kimi borclu barəsində tələbin könüllü icrasına dair ayrılmış on günlük müddət 01 sentyabr 2022-ci il tarixdə, gecə saat 00:00-da bitdiyi halda, həmin müddət başa çatmamış borclu barəsində inzibati xəta haqqında protokol tərtib ediləərk məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-943/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-943/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver