Məhkəmə qərarları › İş №3(002)-945/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-945/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-945/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X4 Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs (üçüncü şəxs) X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-yə məxsus “Binə” Ticarət Mərkəzinin ərazisində 01 sentyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində Avtovağzal (Avtostansiya) pasportu olmadan avtovağzal fəaliyyəti həyata keçirildiyi müəyyən edilmiş, bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərti edilmişdir. Qaradağ rayon Məhkəməsinin 3(002)-945/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan X4 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)-945/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2716/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarına əsasən X4 Xidmətinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, vətənaş X1 müraciəti əsasında “Binə” Ticarət Mərkəzində araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları “Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bununla bağlı tərəflərindən video çəkliş aparılmaqla qeyd olunan fakt öz təsdiqini tapdığından videoçəkiliş iş materiallarına əlavə edilmişdir. Həmin videogörüntüdən də tam aydın olur ki, sərnişin avtobusları “Binə” Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarətburaxılış məntəqəsindən keçmək mümkündür. Bu hal tam mübahisəsiz bir vəziyyətir. Belə ki, hal-hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları “Binə” TM-nin ərazisinə daxil olmaqla öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Bundan əlavə bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da nəqliyyat vasitələrinin təyinat nöqtəsinin “Binə” TM olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti haqqında Əsasnamə”nin 10.8-ci bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, Şəxs Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzi ərazisində pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən Cəmiyyət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən 2022-ci il 01 sentyabr tarixli 03162441 nömrəli protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, fakt aşkar edilən gün, yəni 01 sentyabr 2022-ci il tarixdə xidmətin əməkdaşları təəfindən müvafiq akt tərtib edilmiş və protokol tərtib edilərkən Şəxs MMC-yə məlumat verilsə də həmin təşkilatdan nümayəndə iştirak etməmişdir. Buna görə də tərtib edilmiş protokolun surəti rəsmi poçt vasitəsilə Şəxs MMC-yə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil protkolu qəbul etməyərək bildirmişdir ki, “Binə” Ticarət Mərkəzi Şəxs MMC-nin tərkibinə aid olsa da həmin ərazidə və ona yaxın yerlərdə sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət verən şəxs X1 şikayəti “Binə” TM-nin içərisində olan yox, məhz çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Lakin Cəmiyyət onun ərazisinə aid olmadığı üçün Ticarət Mərkəzinin çöl hisəsi üçün hər hansı bir məsuliyyət daşımır. Əvvəllər, yəni “Covid-19” pandemiyasından qabaq ticarət mərkəzinin ərazisində "xxxx" MMC tərəfindən müqavilə əsasında avtovağzal (avtostansiya) fəaliyəti mövcud olmuşdur. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırmış və bundan sonra Arazaviya MMC-yə məxsus Binə Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməmişdir. Çünki avtovağzal dedikdə yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kamerları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidmət otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların resylərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi nəzərdə tutulur ki, “Binə” Ticarət Mərkəzinin ərazisində bu qeyd olunanların heç birinə rast gəlinmir. Bundan başqa X4 Xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və eyni zamanda tərtib edilmiş aktla bağlı Cəmiyyətə heç bir məlumat verilməmişdir. Bundan əlavə Xidmət tərəfindən protokolun tərtib olunmasına səbəb olan X3 ərizəsində də sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə məhz Şəxs MMC arasında hər hansısa razılaşmanın və ya icazənin olmasına dair heç bir məlumat da qeyd olunmamışdır. “Binə” Ticarət Mərkəzinin ərazisinə Şirvan şəhərindən sərnişin daşıyan sürücülərlə Şəxs MMC arasında müvafiq müqavilənin olmamasını və ya həmin sərnişinlərə təqdim olunan qəbzlərdə Cəmiyyətə aid hər hansısa qeydin olmamasını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs (üçüncü şəxs) X5 öz izahatında göstərmişdir ki, on beş ildir ki, “Sprinter” markalı, 16 yerli nəqliyyat vasitəsi ilə yaşadığı Şirvan rayonundan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökatan dairəsinə sərnişin daşıma ilə məşğul olur və əsasən “Karvansaray” Ticarət Mərkəzinin yanında, onlar üçün ayrılmış yerdə dayanırlar. Lakin “Binə” ticarət Mərkəzinə işləyən digər sürücülər onun Lökbatan dairəsində sərnişindaşıma fəaliyyətinə mane olurlar. O özü də “Binə” Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərən sahədə sərnişin daşıma ilə məşğul olmaq istəsə də “yer haqqı”nın yüksək olması səbəbindən həmin məbləği ödəyə bilməmiş və məcbur olaraq ticarət mərkəzinin qarşı tərəfində fəaliyyət göstərməli olmuşdur. Buna görə də o, “Binə” Ticarət Mərkəzinin içərisində videoçəkiliş aparmaqla digər nəqliyyat vasitəsi sürücülərinin pul qarşılğında “Binə” TM-da özlərinə yer aldıqlarını, lakin sərnişin daşıma fəaliyyətini həyata keçirmək üçün başqa sürücülərə mane törətdiklərini göstərməyə çalışmışdır. Bu barədə X4 Xidmətinə məlumat vermişdir. Bundan əlavə qeyd etmişdir ki, Binə TM-da işləyən sürücülər sərnişinləri dörd manata daşıyır və süni qiymət qaldırırlar. Özü vergi ödəyicisi olmaqla lisenziya əsasında fəaliyyət göstərir, lakin “Binə” Ticarət Mərkəzinin içərisinə sərnişin daşıyan sürücülərin əksəriyyətinin müvafiq icazə sənədləri yoxdur. Hal-hazırda da “Binə” TM-nin daxilində, yəni müvafiq nəzarət buraxılış məntəqəsindən içəri keçdikdən sonra müxtəlif rayonlardan gəlmiş sərnişin mikroavtobus və avtobuslarının qanunsuz sərnişin daşıma fəaliyyəti davam edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və bir ədəd diskdə olan videogörüntüləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzi ərazisində 01 sentyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində Avtovağzal (Avtostansiya) pasportu olmadan avtovağzal fəaliyyəti həyata keçirilməsi müəyyən edilmiş və nəticədə X4 Xidmətinin əməkdaşları tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərin məlumatları sənədindən görünür ki, Şəxs MMC-nin ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, 2-ci massiv, məhəllə 1-də yerləşən 6 saylı fərdi yaşayış evidir. İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin sifarişli məktubların siyahısından görünür ki, X4 Xidməti tərəfindən Şəxs MMC-nin ünvanına 08 sentyabr 2022-ci il tarixdə göndərilmiş 01 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər 09 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X4 Xidmətinin Şirvan Regional Şöbəsinin 01 sentyabr 2022-ci il tarixli məlumat məktubundan görünür ki, Şirvan-Bakı marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar başlanğıc nöqtəsi Şirvan Avtovağzalı, son dayanacağı Binə ticarət mərkəzi olmaqla sərnişin daşıma fəaliyyəti göstərirlər. İş materiallarına əlavə edilmiş vətəndaş X1 18 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, “Binə” Ticarət Mərkəzi ərazisində sərnişin daşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən şikayətçi olduğu üçün dövlət qurumlarına şikayət ərizəsi ünvanlamışdır. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən də aydın olur ki X4 Xidmətinin əməkdaşları tərəfindən 01 sentyabr 2022-ci il tarixdə “Binə” Ticarət Mərkəzinin ərazisində sərnişin daşıma faəliyyəti ilə məşğul olan avtonəqliyyat vasitlərinin dayandığı lentə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC fəaliyyət göstərdiyi ərazi daxilində pasport olmadan avtostansiya fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İXM-nin 325.1-ci maddəsinin tələbindən aydın olur ki, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə 1500 manat məbləğində cərimə tutulur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar