Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-953/2021 23.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Qazax rayonu, Qaymaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, Sahil şadlıq sarayında inzibatçı vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 22 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs tam maddi məsuliyyətli inzibatçı vəzifəsində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3.7-ci bəndinin tələblərini pozaraq, müvafiq icazə olmadan 22 iyul 2021-ci il tarixdə toy şənliyi təşkil edərək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 protokolu müdafiə etdiyini qeyd edib, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında inzibatçı vəzifəsində işləyir. Həmin şadlıq sarayında keçirilən toy şənliklərinin təşkili ona həvalə edilmişdir. 22 iyul 2021-ci il tarixdə Sahil restoranında keçirilən toy məclisinin qeydiyyatdan keçirilməsini sarayın maliyyəçisi vəzifəsində işləyən Natiq adlı şəxsə tapşırmış. Bu barədə Natiqdən soruşduqda Natiq ona keçiriləcək toy şənliyi barədə müvafiq icazənin alınması üçün “icaze.e-gov.az” portalından qeydiyyatdan keçirdiyini bildirmişdir. 22 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı ona məlum olmuşdur ki, 22 iyul 2021-ci il tarixdə keçirilən toy şənliyinin icazəsi tərəflərindən “icaze.e-gov.az” da qeydiyyatdan keçsələr də, həmin icazə təsdiq olunmamış, ona görə də, sistemdə görünməmişdir. Əgər bunu bilsəydi 22 iyul 2021-ci il tarixdə keçiriləcək toyu təxirə salardı. O, maliyyəçi Natiqin sözlərinə inandığına görə 22 iyul 2021-ci il tarixdə toy məclisini təşkil etmişdir. Karantin rejimi ilə bağlı tələbləri pozduğunu başa düşür, əməlindən səmimi peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs fərdi sahibkar X2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayında inzibatçı vəzifəsinə təyin edilmişdir. 22 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 20:20-dən məhdudlaşdırılmış, 23 iyul 2021-ci il tarixdə saat 13:58-də azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3-cü bəndinə əsasən 2021-ci il 1 iyul tarixindən müvafiq tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu tarixdən yəni, 23 iyul 2021-ci il tarixdən saat 16:45-dən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs 22 iyul 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 23 iyul 2021-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-953/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-953/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver