Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-955/2021 23.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ordubad rayonu, Biləv kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, döngə 1, ev 10 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, mənzil 11, bina 78 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 23 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Əhmədov X7 rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 16 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 16 mart 2020-ci il tarixdən başlayaraq, iddaçı X5 xeyrinə hər ay bir uşağa görə 170 manat sbit pul məbləğində aliment tutularaq ödənilməsi qət edilmişdir. Borclu Şəxs yaşayış yerini dəyişdiyi səbəbindən 09 iyun 2021-ci il tarixdə Abşeron rayon İcra və probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədi üzrə hərəkətlərin davam etdirilməsi üçün materialın Bakı şəhər Qaradağ Rayon rayon İcra və probasiya Şöbəsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə yaranmış 2720 manat ümumi borcundan X1 xeyrinə heç bir ödəniş etməmişdir. Borclu 30 iyun 2021-ci il və 23 iyul 2021ci il tarixlərdə Qaradağ rayon İcra şöbəsinə dəvət edilmiş və həmin tarixlərdə onun izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi tələbkarla bir yerdə yaşamağı göstərmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədindən sonradan xəbəri olmuşdur. Həyat yoldaşı olmuş Qədimli Xanımla birgə nikahdan Elman adlı bir övladı var. O, Xanımla son vaxtlara qədər birgə yaşamış və evin tələbatını ödəmişdir. Lakin işlədikləri üçün övladı Elmana qayınanası baxmış və hazırda da onun himayəsində yaşayır. Ona görə də, aliment öhdəliyini icra etməmişdir. Hesab edir ki, barəsində əsassız olaraq protokol tərtib edilmiş, ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədi üzrə öz öhdəliklərini ümumiyyətlə icra etməmiş, aliment borcunu bu günədək ödəməkdən yayınmışdır. Buna görə də borclu barəsində həbslə bağlı tənbeh tədbirinin görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 16 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 16 mart 2020-ci il tarixdən başlayaraq, iddaçı X5 xeyrinə hər ay bir uşağa görə 170 manat sbit pul məbləğində aliment tutularaq ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 15.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. İcra vərəqəsinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1110/20 saylı, 16 iyun 2020-ci il icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 23 iyul 2021-ci il saat 17:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 23 iyul 2021-ci il saat 17:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-955/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-955/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver