Məhkəmə qərarları › İş №3(002)-958/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-958/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-958/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 15 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 15 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli, EPQ ******* saylı qərarla o İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş qərardan heç bir məlumatı olmamışdır. 01 may 2023cü il tarixdə maşınına “AsanPay” vasitəsi ilə gələn cəriməni ödəyən zaman bilmişdir ki, “karantin qaydaların pozduğuna” görə cərimə edilmişdir. Barəsində inzibati protokolun yazılmasına səbəb yaxın qohumunun yas mərasimində iştirak etməyi olmuşdur. Həmin vaxt karantin olduğundan Bakı şəhərinə giriş yox idi. Buna görə də rəhmətə gedən yaxın qohumunun adət-ənənəyə uyğun dəfn edilməsi üçün məcburən yasda iştirak etmişdir. O, ailədə yeganə işləyən şəxsdir. Himayəsində 2 məktəbli övladı vardır. Buna görə də inzibati cəriməni ödəmək imkanı yoxdur. Pandemiya zamanında ölkədə aztəminatlı ailələrin sosial müdafiəsinə diqqət göstərilib, hal-hazırda da pandemiya yoxdur. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında X3 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində tərtib edilmiş 15 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X1 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Bundan başqa iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X1 izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 15 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar