Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-963/2022 07.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, DİN-in BDYPİ-nin YPXA-nın polis baş serjantı X1 və DİN-in BDYPİ-nin YPXA-nın baş inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, rəsmi qaydada işləməyən, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində 06 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, DİN-in 102 xidmətinə edilmiş müraciət əsasında Şəxs 06 sentyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PBna gətirilmiş və YPXA-nın polis baş serjantı X1 raportu əsasında Şəxs barəsində 06 sentyabr 2022-ci il tarixdə İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və saat 23:30 radələrində o, inzibati qaydada tutulmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs polis bölməsində olarkən özünü pis hiss etdiyinə və burnundan qan gəldiyinə görə təcili tibbi yardıma müraciət edilmiş və ona müvafiq tibbi yardım göstərilmişdir. Odur ki, bu barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin YPXA-nın polis baş serjantı X3 öz izahatında bildirmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində sonradan adının Şəxs olduğunu bildiyi vətəndaş 719 saylı postda cərimə borcuna görə tərəfindən saxlanılmışdır. Yoxlanış zamanı sürücü özünü düzgün təqdim etməmiş, özünün əvəzinə qardaşının adını vermiş, cərimə borcunu ödəməkdən imtina etmiş, əl-qol ataraq tabesizlik göstərərək xidməti vəzifələrini yerinə yetirən zaman onlara müqavimət göstərmişdir. Nəticədə vətəndaş 11-ci Polis Bölməsinə dəvət olunmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, vətəndaş Şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmiş və bu barədə olan görüntüləri hazırlayıb məhkəməyə təqdim edə bilər. Odur ki, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin YPXA-nın baş inspektoru, polis mayoru X7 öz izahatında polis nəfəri X1 göstərdiklərini təsdiq edərək əlavə etmişdir ki, vətəndaş Şəxs cəriməni ödəməmək üçün polisə müqavimət göstərmişdir. Belə ki, hadisə vaxtı yerində araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs inzibati qaydada təyin edilmiş cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyi üçün barəsində Salyan rayon Məhkəməsinin qərarı ilə 06 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Buna görə də onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və bu pozuntuya görə onun əməli İXM-nin 332.3-cü maddəsinin tərkibini yaradır və bu pozuntuya görə Məcəllədə 200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Şəxs bunu bildiyi və cərimədən yayınmaq istədiyi üçün heç bir səbəb olmadan münaqişə yaratmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Hadisə vaxtı Şəxs qarşı heç bir qanunazidd hərəkətlər törədilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyil. Belə ki, özü ailəlidir, üç azyaşlı övladı var, atası ağır xəstə olduğundan qardaşı Vüqar ilə birlikdə Salyana atasına baş çəkməyə getmiş, geri qayıdarkən yolda qardaşının yuxulu olması səbəbindən qardaşına məxsus maşını özü sürmüşdür. 06 sentyabr 2022-ci il tarixdə ** UP *** dövlət qeydiyyat nişanlı, Qaz 3110 markalı avtomobili idarə edərək Qobustan rayonu ərazisindən Bakı istiqamətində gəlirmiş. Saat 22:30 radələrində Qaradağ postuna çatmağa az qalmış yol polisi əməkdaşı onu saxlamış və ona maşının üstündə cərimə olduğunu bildirmişdir. Onun sürücülük hüququ məhdudlaşdırıldığı üçün ondan adını soruşduqda əvvəlcə öz adını yox, qardaşının adını demiş, polis əməkdaşı bu məlumatın doğru olmadığını ona bildirmişdir. Daha sonra polis əməkdaşının avtomobilinə əyləşərək yaxınlıqdakı marketə cəriməni ödəməyə getmişdir. Cəriməni ödədikdən sonra həmin polis əməkdaşı ona cərimənin sistemdən silinmədiyini bildirmişdir. Bu zaman o polis əməkdaşına cərimənin sistemdən silinməməsinin onun təqsiri olmadığını bildirərək ona getməyə icazə verməsini xahiş etmişdir. Polis əməkdaşı bununla razılaşmamış və ona qarşı nalayiq ifadələr işlətmişdir. O da buna cavab olaraq polsin ünvanına nalayiq ifadə işlətmiş və bu zaman sonradan adını bildiyi polis əməkdaşı X3 onun sifət nayihəsinə başı ilə xəsarət yetirmişdir. Nəticədə burnundan qan açılmış, buna görə də o, 102 xidmətinə zəng vuraraq bu hadisə barədə məlumat vermişdir. Onun tərəfindən polis əməkdaşlarına qarşı heç bir tabesizlik edilməmişdir. 102 xidmətinə etdiyi zəngdən təxminən bir saat sonra 11-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, o heç bir müqavimət göstərmədən, polisin qanuni tələbinə tabe olaraq 11-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində olarkən səhhəti daha da pisləşmiş və burnundan axan qan dayanmadığı üçün təcili tibbi yardım gələrək ona yardım göstərmişdir. Odur ki, bu barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərələrin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs həqiqətən də döyülərək xəsarət alması, o cümlədən onun xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərməsi faktının olubolmamasının müəyyən edilməsi məqsədi ilə inzibati material Qaradağ rayon prokuroruna göndərilməlidir. İş materiallarına əlavə edilmiş, Qaradağ RPİ-nin 11-ci PB-nın məsul növbətçisi, polis mayoru Şəhriyar İsayevin 07 sentyabr 2022-ci il tarixli raportunda göstərilir ki, Şəxs təcili tibbi yardım stansiyasının verdiyi məlumatında burnunun əziyi xəsarətini alması qeyd edilmişdir. Göründüyü kimi xəsarət faktı öz təsdiqini tapsa da inzibati araşdırma zamanı bu hal ümumiyyətlə araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilsin. Şəxs inzibati həbsdən dərhal azad edilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-963/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-963/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver