Məhkəmə qərarları › İş №3(002)-970/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-970/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-970/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs (bundan sonra -Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “DHELTA SERVİCES" MMC barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 protokolu müdafiə etdiyini qeyd edib "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildiriş göndərilsə də, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08.07.2021-ci il tarixdə Qaradağ rayon, Lökbatan Dairəsi (Karvansaray TM) İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsulunu qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmişdir; 08 iyul 2021-ci il tarixli aktdan görünür ki, Dhelta Services MMC-nin 28 aprel 2021-ci il tarixli İD ********** nömrəli müraciət əsasında idxal edilmiş müxtəlif çeşidli qida məhsulları 27 uşaq qidasının saxlandığı və şirkətin anbarı kimi qeydiyyatda olan Karvansaray TM-də yerləşən A-5-33 nömrəli obyektdə heç bir qida məhsulları aşkar edilməmiş, bundan başqa Karvansaray TM-nin nümayəndələri şirkətin bu anbarı işlətmədiklərini bildirmişlər; “Dhelta Servıces" MMC-nin səlahiyyətli nümayəndəsi Zaur Cəbrayılov tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi Zaur Kərimova ünvanlanmış 09 iyul 2021-ci il tarixli izahatdan görünür ki, İD ********** nömrəli 28.04.2021-ci il tarixli müraciətə əsasən ölkəyə idxal edilən qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “Dhelta Services" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC İD ********** nömrəli 28.04.2021-ci il tarixli müraciətə əsasən ölkəyə idxal edilən qida məhsullarını 0807.2021-ci il tarixdə qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə “Dhelta Servıces" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “Dhelta Servıces" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Dhelta Servıces" MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar