Məhkəmə qərarları › İş №3(002)-970/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-970/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-970/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 06 mart 2025-cü il tarixli, EQ 26465969 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİnin 06 mart 2025-ci il tarixli EQ 26465969 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 3(021)-150/2025 saylı qərardadına əsasən şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, şikayətçi özünə məxsus MAN TGX18.440 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük maşını ilə hərəkətdə olduğu zaman DİN-in DYPB-nin eketron sistemi tərəfindən onun avtomaşınına qanunsuz olaraq ümumilikdə 42850 kiloqram yük yazılmaqla Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə barəmdə inzibati protokol tərtib edilərək 1200 manat cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş cərimə qanunauyğun deyildir. Belə ki, onun avtomaşını yükü ilə birlikdə 39810 kiloqram olduğu halda barəsində tərtib olunmuş protokol əsassızdır. Məhkəmənin nəzərinə çatdırır ki, barəsində tərtib edilmiş inzibati protokol qərəzli tərtib edilməklə qanunsuzdur. Ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 124.5-ci maddəsində "yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar" dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə idarə etdiyi MAN TGX 18.440 yük markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bərdə rayonundan Bakı şəhərinə çınqıl (qrabil) gətirirmiş. Gətirdiyi yükün kütləsi 39 tondan çox olmayıb. Bakı şəhəri Qaradağ rayonu Sangaçal qəsəbəsindən keçərkən ona sms bildiriş gəlmişdir ki, idarə etdiyi yük avtomobilinin çəkisi 42850 kq olmuşdur. O bundan sonra DYPİ-nin 719 saylı postunda yerləşən tərəziyə çıxmış və maşının yüklə birlikdə ümumi çəkisi 39810 kq olmuşdur. Bundan başqa yükü Bakı şəhəri Balaxanı qəsəbəsində boşaldarkən yenidən çəkilmiş və avtomaşının yüklə birlikdə çəkisi 39800 kq təşkil etmişdir. Bu faktı ona verilmiş 06 mart 2025-ci il tarixli və 07 mart 2025-ci il tarixli qəbzlər də bunu təsdiq edir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 06 mart 2025-cü il tarixli, EQ 26465969 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 06 mart 2025-ci il tarixli, EQ 26465969 nömrəli qərardan aydın olur ki, X3 06 mart 2025-ci il tarixdə saat 20:34-də idarə etdiyi «MAN TGX 18.440» yük markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 06 mart 2025-cü il tarixdə, saat 20:34-də «MAN TGX 18.440» yük markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42850 kq olmuşdur. X2 şikayətə əlavə etdiyi 06 mart 2025-ci il tarixli qəbzindən aydın olur ki, «MAN TGX 18.440» yük markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 mart 2025-ci il tarixdə, saat 21:34-də 719 saylı postda yerləşən tərəzidən keçərkən ümumi çəkisi 39810 kiloqram olmuşdur. “Balaxanı” sözü yazılmış digər qəbzdən görünür ki, ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşın 07 mart 2025-ci il tarixdə, saat 07:35 radələrində ABZ zavoda çınqıl dolu yüklə daxil olarkən ümumi çəkisi dolu vəziyyətdə 39800 kq təşkil etmişdir. Məhkəmə həmin qəbzlərə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzilərin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 06 mart 2025-ci il tarixdə saat 20:34-də idarə etdiyi «MAN TGX 18.440» yük markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 06 mart 2025-cü il tarixli, EQ 26465969 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 06 mart 2025-cü il tarixli, EQ 26465969 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar