Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-971/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 08 avqust 2022-ci il tarixdə Sədərək TM-in çıxışında Meyvəli Bazarı istiqamətində hərəkət edərkən saat 15:37 radələrində Qaradağ rayon TPX inspektoru polis kiçik serjantı X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Həmin maddə üzrə özünü təqsirli bilmədiyi üçün qeyd olunan protokol üzrə çıxarılmış 08 avqust 2022-ci il tarixli, TP ******* saylı qərardan məhkəməyə şikayət etmişdir. Həmin ərazidə yeni qurulmuş yol nişanı sağa dönmə manevri edildikdən sonra sürücülər tərəfindən göründüyündən yol patrul xidmətinin əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokol tərtib edilir. Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, şikayəti vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Tərəflərdən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmadığından məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, F.T.Kərimov 08 avqust 2022-ci il tarixdə radələrində “Mercedes Benz C220 CDİ minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan görüntülərə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, F.T.Kərimovun şikayət ərizəsində qeyd etdiyi yolun çiyin hissəsində “yol vermək” nişanı yerləşdirilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş asan ödəniş portalından görünür ki TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən tətbiq edilmiş cərimə tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, F.T.Kərimov 08 avqust 2022ci il tarixdə saat 15:37 radələrində “Mercedes Benz C220 CDİ minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, həmin qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə qeydə alınmış, həmin nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən saxlanılmış və sürücü əvvəlcə heç bir etiraz etmədiyi üçün dərhal inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək ona təqdim edilmiş, o isə öz növbəsində həmin qərar üzrə cərimə borcunu tamamilə ödəmişdir. Yalnız sonradan F.T.Kərimov qərarla razı olmamasını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.T.Kərimovun 08 avqust 2022-ci il tarixdə saat 15:37 radələrində “Mercedes Benz C220 CDİ minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və həmin halın YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin faktiki hallarına və F.T.Kərimovun şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, F.T.Kərimovun göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, qərar qəbul edildikdən sonra F.T.Kərimov inspektora etiraz edərək qayda pozmadığını bildirmişdir. Ona görə onun qeyd edilən əməli haqlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmiş və onun həmin maddə ilə təqsirli bilərək 40 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan F.T.Kərimovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-971/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-971/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver