Məhkəmə qərarları › İş №3(002)-973/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-973/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-973/2021 27.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1 zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, yataqxana 15 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 iyul 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 27 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.07.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi, yolun kənarında yerləşən qaynaq sexindən dəyəri 350 manat olan vətəndaş Fərziyev İsmayıla məxsus qaynaq aparatını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 27 iyul 2021-ci il tarixdə barəsində cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, yataqxana 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. 19.07.2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi, yolun kənarında yerləşən qaynaq sexinin qapılarının açıq olduğunu və sexdə heç kimin olmadığını görüb dəyəri 350 manat olan qaynaq aparatını oğurlayaraq oradan uzaqlaşmış və həmin qaynaq aparatını Qaradağ rayonu, Korgöz qəsəbəsində qaynaq işi ilə məşğul olan Azər adlı şəxsə 50 manata satmışdır. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında zahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi, yolun kənarında yerləşən qaynaq sexi var. 19.07.2021-ci il tarixdə, günorta saatlarında sexin qapısını açaq vəziyyətdə qoyaraq qonşu mağazaya gedib orada mağazanın sahibi ilə 10-15 dəqiqə söhbətləşdikdən sonra yenidən sexə qayıtmış və sexin içərisində olarkən yeddi ay bundan öncə aldığı 350 manat dəyərində olan qaynaq aparatının yerində olmadığını görmüşdür. Bundan sonra qaynaq aparatının oğurlandığını bilmiş və həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Son olaraq sonuncudan şikayətçi olduğunu və sonuncu barəsində həbslə əlaqədar cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxs Şəxs tapılaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı üzrə Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilməsi qərara alınmışdır; 27 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 27 iyul 2021-ci il tarixdə, saat 03:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 19.07.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi, yolun kənarında yerləşən qaynaq sexindən dəyəri 350 manat olan qaynaq aparatını oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 iyul 2021-ci il tarixdən saat 03:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar