Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-976/2022 29.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasinin qida təhlükəsizliyi agentliyi Baki regional bölməsinin nümayəndələri Ədliyyə Nazirliyindən yoxlama sənədi olmadan 01 aprel 2022-ci il tarixdə mağazaya daxil olmuş, 5 ədəd qiyməti 8 manat olan vergilər nazirliyinin aksiz nişanı olan “Organik” arağının saxta olduğunu bildirmişlər. O, isə onlara topdan satış mərkəzindən aldığını və həmin şəxslərin telefon nömrəsini və ünvanın versə də onların sənədinin olmadığını əsas gətirərək mağazasını tərk etmələrini tələb etsə də zorla araqları maşının arxasına qoyub aparmışlar. O, həmin orqan tərəfindən vəzifəli şəxs kimi MN ******* saylı qərarla 2000 manat cərimə olunmuşdur. Onun barəsində qəbul edilmiş qərarla razı deyil. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsindən göründüyü kimi Q. Soltan vəzifəli şəxs deyil. Həmin araqları mağazaya rəsmi fəaliyyət göstərən Samir adlı distributor (tel. *** *** ** **) gətirmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı X4 Təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçisi Nümayəndə bildirmişdir ki, Agentliyin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 03 mart 2022ci il tarixli, yoxlama kodu KY221720290 olan Çıxarış əsasında X2 məxsus mağazada yoxlama aparılarkən onun “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın tələblərini pozaraq, etiket məlumatlarında istehsalçı kimi “X8” qeyd olunan “Organic Line” əmtəə nişanlı saxtalaşdırılmış altı ədəd araq aşkar edilmişdir. Bununla bağlı vəzifəli şəxs (VÖEN **********) - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələbini pozmuş və nəticədə 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icratlar idarəsinin 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, X3 barəsində İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən eyni tarixli qərar əsasında X2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında fəaliyyət göstərən mağazada plandankənar (növbədənkənar) yoxlama aparılarkən etiket məlumatlarında istehsalçı kimi “X8” qeyd olunan “Organic Line” əmtəə nişanlı saxtalaşdırılmış altı ədəd hər birinin dəyəri 10.2 (on manat iyirmi qəpik) manat araq aşkar edilmişdir. Həmin məhsullardan sınaq üçün nümunələr götürülərək spirtli içki məhsulunun saxta olması müəyyən edilmişdir. Bununla da sonuncu mal satan və ya əhaliyə xidmət göstərən şəxs olaraq malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçılarını az miqdarda aldatmışdır. Bundan əlavə X3 həmin məhsulların Azərbaycan Respublikası ərazisində satışına icazə verilməsi barədə müvafiq çıxarışı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.44- 1 bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, işdə olan sübutlarla Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 16 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğunu nəzərə alaraq hesab edir ki, həmin inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxslərin barəsində xüsusi qərardad çıxarılması hissəsində də X1 şikayətinin təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 16 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-976/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-976/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver