Məhkəmə qərarları › İş №3(002)-987/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-987/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-987/2022 14.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4, tələbkar X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, 18 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səbail bağ cəmiyyəti fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 14 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2017-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Hazırda Şəxs 8140 (səkkiz min yüz qırx manat) manat yığılmış aliment borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru A.A.Əlizadə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 12 oktyabr 2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbkarın xeyrinə ödənişlər etsə də, ödənilmiş məbləğlər tam olmadığından onun bu günə 8140 manat aliment borcu yaranmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Tələbkarın xeyrinə 30 İyun 2022-ci il tarixdə 400 manat, 25 iyul 2022-ci il tarixdə isə 300 manat olmaqla icra sənədinin icraya yönəldiyi vaxtdan hazırkı vaxtadək ümumilikdə 4460 manat ödəniş etmiş, 8140 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Aliment borcunu tam ödəməməsinə səbəb heç yerdə işləməməsi olmuşdur, hazırda fəhlə işləyir aliment borcundan hər ay 400 manat ödəyə bilər. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar G.S.Həmidova öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2017-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Onun çoxsaylı şikayətləri əsasında borclu tərəfindən bu günə kimi ümumilikdə 4460 manat ödənilmişdir. Borclu məhkəmə qətnaməsinin könüllü şəkildə icrasından yayındığı üçün hazırki günə ödənilməmiş qalan aliment borcu 8140 manat təşkil edir. Səhhəti ilə bağlı işləməməsi səbəbindən övladının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 8140 manat aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2017-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 12 oktyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 12 oktyabr 2017-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, 30 iyun 2022-ci il tarixdə 400 manat, 25 iyul 2022-ci il tarixdə 300 manat, 01 sentyabr 2022-ci il tarixdə 210 manat, 02 sentyabr 2022-ci il tarixdə 100 manat, 07 sentyabr 2022-ci il tarixdə 90 manat olmaqla tələbkar X2 xeyrinə ümumilikdə 1100 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(002)-830/2022 nömrəli qərarından görünür ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(002)-3254/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 may 2017-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. İcra sənədi üzrə icraata 12 oktyabr 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, yalnız 2022-ci il üzrə cəmi 1100 manat ödəniş etmişdir. Həmçinin başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi haqqında Qaradağ rayon məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(002)-830/2022 nömrəli qərarından sonra borclu tərəfindən avqust ayı üzrə heç bir ödəniş ediməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs tərəfindən qismən ödənilən məbləğlər yalnız icra məmurun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar