Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-99/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir və barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o xx.xx.2025-ci il tarixdə saat 00:28-də idarə etdiyi “DAF XF 105,460 Yük” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, “DAF XF 105,460 Yük” markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə yük daşıyaraq ailəsinə baxır. İdarə etdiyi avtomobillə qum yükü daşıyır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Həmin vaxtı da idarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 38240 kq olmuşdur. Lakin yolda hərətəkdə olarkən ona cərimə gəlmiş və avtomobilinin yüklə birlikdə çəkisi 42550 kq olması göstərilmişdir. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Bundan əvvəl də o, xx.xx.2025-ci il tarixdə yükün artıq olmasına dair cərimə edilmişdir və xx.xx.2025-ci il tarixdə yükün 1000 kq az olmasına baxmayaraq yol nəzarət tərəzisində 42710 kq yük olması göstərilmişdir. Göründüyü kimi avomobil yolunda olan tərəzi düzgün çəkmir və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda onun artıq yük götürməyi inandırıcı deyildir. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə serfikatı olmalıdır. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 14 yanvar 2025-ci il tarixli qərarın surətindən aydın olur ki, vətəndaş X2 14 yanvar 2025-ci il tarixli qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 14 yanvar 2025-ci il tarixdə, saat 00:28-də DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil 14 yanvar 2025-ci il tarixdə, saat 00:28-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42710 kq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş 14 yanvar 2025-ci il tarixli, tərəzi qəbzindən aydın olur ki, sürücü 14 yanvar 2025-ci il tarixdə, saat 00:08 radələrində idarə etdiyi DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 38240 kiloqram olmuşdur. İş materiallarında olan 1746 saylı tərəzi qəbzinin surətindən aydın olur ki, 14 yanvar 2025-ci il tarixdə, saat 01:56-da qum yükü ilə yüklənmiş vəziyyətdə çəkilərkən qeyd olunan yük avtomobilinin brutto çəkisi 38300 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-99/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-99/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver