Məhkəmə qərarları › İş №3(003)-1/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 müdafiəçisi Vəkil, Qərarından şikayət verilmiş şəxs Xəzər Rayon Dövlət Yol Polis şöbəsinin polis leytenantı X4 iştirakı ilə, Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X4 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X4 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində saat 22:50 radələrində etibarnamə ilə idarə etdiyi "Ford Trazit" yük markalı, **-GS-*** Dövlət Qeydiyyat nişanlı avtomobillə atçılıq yeni yaşayış sahəsində qəsəbə daxilində olan mərkəzləşdirilmiş əsas yolda heç bir dönmə əməliyyatı etmədən düzünə Buzovna qəsəbəsi istiqamətində yol ayrıcında hərəkət başa çatdıqdan sonra "Real" market ilə üzbəüz dalandan ikinci dərəcəli yoldan anidən "Kia" markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq idarə etdiyi avtomobillə toqquşmuşdur. "Kia" marklı avtomobilin sürücüsü gözləmədən və anidən çıxaraq onun maşınını vurmuşdur. Bu zaman o da zərbənin təsirindən həmin marketin qarşısında duran "Megan" markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa hissədən toxunmuşdur. Faktla bağlı olaraq Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Lakin onlar prosessual pozuntulara yol vermişlər. İlk növbədə inzibati xəta haqqında protokol dərhal tərtib olunmalı halda, hadisənin baş verdiyi vaxtdan 3 gün sonra tərtib olunmuşdur. Barəsində protokol tərtib olunarkən buna öz etirazını bildirmiş və xahiş etmişdir ki, işə baxılma yeri və vaxtı barədə ona məlumat verilsin. Lakin işə baxılma vaxtı və yeri barədə ona heç bir məlumat vermədən baxılaraq barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Lakin izahatda, izahatın alınma tarixi xx.xx.2023-cü il saat 22:50 göstərilsə də, onun izahatında izahatın sonuna oktyabr yazılsa da qarşısında hər hansı bir günü əks etdirən tarix yoxdur. Həmçinin digər izahatlarda izahatın sonuna xx.xx.2023-cü il, digərinə isə xx.xx.2023-cü il tarixləri qeyd olunaraq polis baş leytenantı Ramil Əsgərov tərəfindən həmin tarixlərə imza çəkilmişdir. Buradan da aydındır ki, izahatların alınma və imzalanma tarixləri bir-birindən fərqlənir. Bu da onu deməyə əsas verir ki, barəsindədə inzibati tənbehə baxılarkən heç bir araşdırma aparılmadan inspektor yalnız öz mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. İlk növbədə burada mütəxəssis rəyinə ehtiyac olduğu halda ekspertizanın keçirilməsi üçün hər-hansı bir tədbir görülməmiş və əsassız olaraq inzibati tənbeh verilməsi haqqında qərar çıxarılmışdır. Digər pozuntu isə protokolun tərtib edilməsi ilə bağlıdır. Qanunda da deyildiyi kimi əgər inzibati araşdırma aparılarsa, yəni ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda protokol bir ay müddətinə tərtib edilməlidir. Göründüyü kimi Xəzər rayon DYPS Polis leytenantı X6 inzibati araşdırmanı düzgün aparmamış və qanunda göstərilən müddət ərzində inzibati protokol tərtib edilməmişdir. Lakin ona heç bir məlumat verilməmişdir. Bu da onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Yol Hərəkəti Qanunun 1-ci maddəsinin 9-cu bəndində baş yola anlayış verilmişdir. Belə ki həmin bəndə əsasən baş yol- kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). Göründüyü kimi o, baş yolla hərəkət etmişdir. Lakin "Kia" markalı avtomobil torpaq yoldan gələrək anidən onu gözləmədən qarşına çıxdığı üçün qəza baş vermişdir. Lakin bu xüsusatlar nəzərə alınmadan barəsində inzibati tənbeh verilmişdir. Eyni zamanda Yolnəqliyyat hadisəsinin sxemi düzgün şəkildə tərtib edilməmişdir. Həmin qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Qanundan da göründüyü kimi o asfalt örtüklü, enli, daim hərəkətdə olan əsas yol ilə hərəkət etmişdir. Bu zaman torpaq örtüklü, dar, ikinci dərəcəli yol hesab edilən yoldan "Kia" markalı avtomobil gözləmədən anidən qarşısına çıxaraq onun maşınını vurmuşdur. Onun heç bir təqsiri yoxdur. Barəsində verilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-35/2024 saylı qərarına əsasən şikayət təmin edilməmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,3(103)-1710/2024 saylı qərarı ilə qismən təmin edilərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-35/2024 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, X5 hərəkətdə olduğu yolun üzərində yol nişanları, yolun kənarlarının xətlənməsi, piyada keçidləri mövcuddur. Həmçinin həmin yolun sonunda baş yolun nişanı vardır. Eyni zamanda həmin yola sağdan və soldan çıxan dalanlardan avtomobillər yolda hərəkətdə olan avtomobilə yol verdikdən sonra hərəkətlərini davam etdirirlər. Yəni bildirir ki, X5 hərəkətdə olduğu yolun baş yola aid funksiyaları vardır. Belə olmadığı halda həmin yola çıxan digər köməkçi yolda hərəkətdə olan avtomobillərə yol verilməlidir. Hesab edir ki, X5 hərəkətdə olduğu yol baş yol kimi qəbul edilməlidir. Qeyd etdiyi xüsusatlar nəzərə alınaraq şikayət təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, X5 hərəkətdə olan yol baş yol deyil. Həmin yolun əsas yol olması barədə müvafiq nişan yoxdur. Yolda sürəti təmzimləyən, piyada yol verilməsi barədə nişanlar vardır. Lakin bu o demək deyildir ki, həmin yol baş hesab edilməlidir. Barəsində deyilən baş yol nişanının isə həmin yola aidiyyəti yoxdur. Həmin nişanın olduğu yer nizamlanan yol ayrıcısıdır və həmin nişan yol ayrıcısına kimi öz qüvvəsini itirir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, İXP5763125 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları əsasında müəyyən edilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 22:50-də Atçılıq yeni yaşayış massivində “Ford Transit” yük markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuş, nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərər barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. -xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:50-də Binə atçılıq yeni yaşayış massivində (YYMdə) “Ford Transit” yük markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünü ki, Atçılıq YYM-də olan yol ayrıcısında (yol kəsişməsində) “Ford Transit” yük markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Kia Rio” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Baş X11 İdarəsi tərəfindən müdafiəçi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında üstünlük yol nişanının olub olmaması barədə məlumatların verilməsi ilə bağlı müraciətinizə baxılaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 mart tarbdi 20 nömrəli Fərmanı”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməniz tövsiyyə olunmuşdur. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhərində yol hərəkətinin təşkil edilməsi, nəqliyyat şəraitini yaxşılaşdırılması istiqamətində mütəxəssisləri tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Aparılan təhlillərə uyğun olaraq müvafiq yol nişanları quraşdırılır. AYNA-nın layihələrinə əsasən quraşdırılan yol nişanları elektron X2 yerləşdirilir. X3 əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində mövcud üstünlük yol nişanı aşkarlanmamışdır. Məlumat üçün qeyd edilmişdir ki, bu tip yol ayrıclarında sürücülər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci (İİİ bəndə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir) maddəsini rəhbər tutaraq hərəkət etməlidirlər. Məhkəmə tərəfindən iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yerində müayinə edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə atçılıq küçəsi (“Google Mapsa” əsasən) ilə adı məlum olmayan yolun kəsişməsində (nizamlanmayan yolayrıcısında) baş vermişdir. X7 29-cu Binə atçılıq küçəsində hərəkətdə olmuş, digər avtomobil isə adı məlum olmayan yolda hərəkətdə olmuşdur. Hər iki yolda baş yol nişanı və ya üstünlük nişanı, həmçinin yol ver nişanı mövcud deyil. Hər iki yolun örütüyü eyni dərəcəli asfalt örtüyündən ibarətdir. X5 müdafiəçisinin istinad etdiyi baş yol nişanı isə 29-cu Binə atçılıq küçəsinin sonunda kəsişdiyi digər iki tərəfli yolun üzərində yerləşdirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmiş hallara dair fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 9)cu bəndinə əsasən baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); Həmin maddənin 11)-ci bəndində əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin maddənin 13)-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin Qanunun 77-ci maddəsinin: -İ-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. -İİ-ci hissəsinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. -İİİ-cü hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;[161] 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. - 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İşin hallarından görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə atçılıq küçəsi (“Google Mapsa” əsasən) (Atçılıq YYM-də) ilə adı məlum olmayan küçənin kəsişməsində (nizamlanmayan yolayrıcısında) X5 idarə etdiyi avtomobil ilə digər avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və inzibati araşdırmanı aparan Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən X5 hərəkətlərində yolayrıcını keçmə qaydalarının pozması halı müəyyən edilmiş və sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinmişdir. İş üzrə araşdırılmış hallardan müəyyən olunur ki, X5 hərəkətdə olduğu yolun (29-cu Binə atçılıq küçəsinin (“Google Mapsa” əsasən)) və yol-nəqliyyat hadisəsində iştirak etmiş digər “Kia Rio” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətdə olduğu yolun (adı məlum olmayan yolun) üzərində baş yol və ya üstünlük nişanları mövcud deyil, həmçinin hər iki yolun örtüyü eyni dərəcəli asfalt örtüyündən ibarətdir. Bununla da müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında baş vermişdir. X5 müdafiəçisinin istinad etdiyi baş yol nişanının təsiri isə X5 hərəkətdə olduğu yola düşmür. İş üzrə müəyyən edilmiş halları, yəni yol-nəqliyyat hadisəsində iştirak etmiş digər “Kia Rio” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 hərəkətdə olduğu yolun sağ hissəsinə düşməsini, qanunvericiliyə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olmasını, X7 tərəfindən qanunvericiliyin bu tələblərinə riayət etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X5 verdiyi şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası DİN Bakı şəhər Xəzər rayon X11 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X5 verdiyi şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar