Məhkəmə qərarları › İş №3(003)-1023/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1023/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1023/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 19 may 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşağı olan, orta təhsilli, işləməyən, İİ Qarabağ müharibəsinin iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 16 may 2023-cü il tarixli MN № 14751346 saylı protokoldan göründüyü kimi, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1915/2023 saylı 04 iyul 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1915/2023 saylı 04 iyul 2022ci il tarixli vərəqəsinə əsasən Şəxs 04 noyabr 2022-ci il tarixdən başlayaraq 07 sentyabr 2011-ci il təvəllüdlü X3, 10 fevral 2015-ci il təvəllüdlü X6 və 07 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara, dəfələrlə şöbəyə dəvət olunmağına baxmayaraq, o, əvvəllər şöbəyə gəlməkdən yayınmış və borc məbləğini könüllü ödəməmişdir. Borclunun bu günə 3800 manat aliment borcu vardır və heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1915/2023 saylı 04 iyul 2022-ci il tarixli icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Borclu Xəzər rayon İcra şöbəsinə bu gün könüllü gəlmiş və izahatı alınmışdır. İzahatında borclu göstərmişdir ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır, müharibədə mənəvi-psixoloji travmalar almış və iş qabiliyyətini və yaddaşını itirmişdir, hazırda da müalicə alır. Xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir, gücü heç nəyə çatmır. 80 manat təqaüd alır, onun 60 manatını aliment ödəyir, sonuncu dəfə 2023-cü ilin aprel ayında 60 manat aliment ödəmişdir. Borclu ilə aparılmış söhbətlərin heç bir mənası yoxdur, müxtəlif bəhanələrlə alimenti tam ödəməkdən yayınır, bu isə tələbkarın haqlı narazılığına səbəb olur. Onu da bildirir ki, bundan əvvəl borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə məhkəmədə baxılaraq onun hərəkətlərində həmin maddənin tərkibinin olmaması müəyyən edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1649/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, İİ Qarabağ müharibəsinin iştirakçısıdır, müharibədə mənəvi-psixoloji travmalar almış və iş qabiliyyətini və yaddaşını itirmişdir, hazırda da müalicə alır. Xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir, gücü heç nəyə çatmır. 80 manat təqaüd alır, hər ay onun 60-70 manatını aliment ödəyir, sonuncu dəfə 2023-cü ilin aprel ayında 60 manat olmaqla indiyə qədər 400 manat aliment ödəmişdir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Alimentin ödənilməsini təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Bundan sonra da hər ay müntəzəm surətdə hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 göstərdi ki, uşaqlara tək baxdığı üçün işləyə bilmir, çətinlik çəkir, borclunun hər ay ödədiyi 60-70 manatla 3 uşağı saxlamaq mümkün deyildir. İndiyə qədər borclunun ona 3800 manat aliment borcu vardır, həmin borcun tam ödənilməsini tələb edir, əks təqdirdə borclunun inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak, həmçinin banklarda pul əmanəti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, borclu 13 iyul 2022ci il tarixdən başlayaraq hər ay müntəzəm surətdə az məbləğlərdə olsa da ödənişlər etməklə indiyə qədər 400 manat aliment ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə Şəxs “Vətən maharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Ambulator Kitabçadan çıxarışların surətindən görünür ki, Şəxs özünü İİ Qarabağ müharibəsindən sonra orada iştirak edən zamanı aldığı psixi-mənəvi travmalardan sonra xəstə hesab edir. Şikayəti baş, boyun nahiyəsində ağrılar, yerişin pozulmasıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs İİ Qarabağ müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən maharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir, müharibədə mənəvi-psixoloji travmalar almış və iş qabiliyyətini və yaddaşını itirmişdir, hazırda da ambulator müalicə alır. Lakin buna baxmayarq, borclu hər ay tələbkara icra sənədi üzrə az da olsa, aliment ödəmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1915/2023 saylı 04 iyul 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır, 80 manat təqaüd alır, sonuncu dəfə 2023-cü ilin aprel ayında 60 manat olmaqla indiyə qədər 400 manat aliment ödəmişdir. Bundan sonra da hər ay müntəzəm surətdə hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəyinə məhkəmə iclasında söz vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar