Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1031/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nümayəndə2 tərəfindən 10 may 2024-cü il tarixli, 00800-00276/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, həmçinin gömrük nəzarətindən yayınmaqla qol saatı və digər malların ölkə ərazisinə gətirilməsi ilə bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında mövcud vəziyyət nəzarətdə saxlanmış və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə TK 0338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs müşayiət olunan baqajlarını baqaj lentindən götürüb gömrük nəzarətinin “Yaşıl Kanal”ından keçərkən sonuncu saxlanaraq gömrük nəzarətinin “Qırmızı Kanalı”na dəvət olunmuş və müşayiət olunan baqajları rentgen qurğusundan keçirilmiş, eləcə də sonuncudan üzərində gömrük orqanına bəyan ediləcək hər hansı əşyanın olub-olmaması soruşulmuş və əgər vardırsa həmin malları gömrük orqanına təqdim etməsi təklif edilmişdir. Belə ki, Şəxs sol qolunda kişilərin istifadə etdiyi qol saatının olduğu diqqət çəkmiş, malları təqdim etməyi təklif edilməsinə baxmayaraq Şəxs əvvəlcə üzərində olan və gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olmadığını bildirməklə özünü şübhəli aparmışdır. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama keçirilməsi haqqında qərar qəbul edilərək, Şəxs və iki nəfər hal-şahidi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuş, hal-şahidlərinin də iştirakı ilə sonuncuya üzərində gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama aparılacağı barədə məlumat verilmiş və Baş İdarə rəisinin şəxsi yoxlama keçirilməsi barəsində qərarı Şəxs elan olunmuşdur.Şəxsi yoxlama zamanı, bir daha Şəxs gömrük orqanına bəyan edilməli olan malları, ələlxüsus sol qoluna taxdığı kişilərin istifadəsi üçün nəzərdə tutulan qol saatını könüllü olaraq çıxarıb gömrük nəzarətinə təqdim etməsi təklif olunmuş, buna baxmayaraq sonuncu əvvəlcə predmeti (qol saatını) təqdim etməkdən imtina etmiş, daha sonra qanunvericiliyin tələbləri izah edilərək onun sol qolunda olan qol saatının gömrük nəzarətinə təqdim olunması təmin edilmişdir. Həmin qol saatına keçirilən vizual baxış zamanı xarici görünüşünə və üzərindəki yazılara əsasən onun “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı olduğu, həmin qol saatının sferblat və braslet hissəsinin saatın gövdəsi ilə paralel gümüşü və sarı rəngli qızıla bənzər metaldan hazırlandığı, eləcə də sferblatın içəri hissəsində qara rəngli çevrə formasında işləmənin olduğu müəyyən edilmişdir. Daha sonra şəxsi yoxlama davam etdirilmiş, lakin sonuncunun üzərində gömrük orqanına bəyan edilməli olan yaxud gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməmişdir. Həmçinin, Şəxs müşayiət olunan baqajlarında da yoxlama aparılmış, yoxlama zamanı sonuncuya məxsus qara rəngli qadın əl çantasının içərisində gömrük orqanına əvvəlcədən şifahi yaxud yazılı formada bəyan edilməyən 1 ədəd “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı aşkar edilmiş, həmin qol saatının sferblat və braslet hissəsi saatın gövdəsi ilə paralel gümüşü və sarı rəngli qızıla bənzər metaldan hazırlandığı, eləcə də sferblatın içəri hissəsində yaşılı rəngli çevrə formasında işləmə və siferblatın içərisində olan rəqəmlərdən birinin yeri müxtəlif formalı qiymətli daşlara bənzər qaşlarla bəzədildiyi müəyyən olunmuşdur. Qeyd edilənlərdən başqa sonuncuya məxsus baqajlarda gömrük orqanına bəyan edilməli olan yaxud gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməmişdir. Faktla əlaqədar araşdırma başlanmış və hüquqpozma predmeti kimi aşkar edilərək götürülmüş yuxarıda qeyd edilən qol saatlarının orjinallığının və digər spesifik xüsusiyytlərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi almaq üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. Həmin təşkilatdan daxil olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyən edilmişdir ki, vizual baxışla “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının bütün detalları, yəni korpusu, siferblatı, qolbağı və bağlanan yeri orjinal saatlarda olduğu kimidir, həmçinin saatın üzərində fərdi eyniləşdirmə kodu da mövcuddur. Digər “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının isə orjinal olma ehtimalı şübhəlidir, belə ki, saatın korpusu, siferblatı, qolbağı və bağlanan yeri “ROLEX” brendinə məxsus orjinal saatlardan fərqlidir.Araşdırma zamanı həmçinin, qol saatılarının hazırlandığı metalın, əgər qiymətli metaldan hazırlanmışdırsa əyarı, çəkisi və ələxüsus onların dəyərinin müəyyən edilməsi məqsədilə müvafiq qaydada kompleks məhkəmə texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilməklə müvafiq qərar qəbul edilərək ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1425-5/335-9/1924 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının sarı rəngli hissəsinin metalı 750 əyarlı qızıldan, gümüşü rəngli hissəsinin metalı dəmir, xrom və nikel (polad) elementlərindən hazırlanmışdır, ümumi çəkisi 191,22 qramdır, siferblatı leyko-sapfirdir, saat özü işlək vəziyyətdədir. Digər “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının metalı dəmir, xrom və nikel (polad) elementlərindən hazırlanmışdır, ümumi çəkisi 88,09 qramdır, siferblatı leyko-sapfirdir, saat özü işlək vəziyyətdədir. Eyni zamanda texniki ekspertiza tədiqatı ilə müəyyən olundu ki, qol saatlarının hər ikisinin orjinal olub-olmaması mütəxəssis rəyində göstərildiyi kimidir və saatlarda olan əmtəə nişanı “712694-ROLEX” nömrəli beynəlxalq qeydiyyatda olan “ROLEX” əmtəə nişanı ilə eynidir və əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixinə “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının qiyməti 38800 (otuz səkkiz min səkkiz yüz) manat, “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının qiyməti isə 150 (bir yüz əlli) manat olmaqla hər iki saatın birlikdə orta bazar dəyəri 38950 (otuz səkkiz min doqquz yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edərək bildirmişdir ki, o, müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Eyni zamanda oğlu hazırda Türkiyə Respublikasının Bursa şəhərində təhsil alır. Qızı isə Azərbaycan Respublikasında yaşayır və hazırda məktəbdə oxuyur. O, hazırda İstanbul şəhərində yaşasa da, lakin mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasına gəlir. Hadisə baş verən 10 fevral 2024-cü il tarixdə İstanbuldan Bakıya qayıdırmış. Bakıya qayıtmağının əsas səbəbi anasın səhhəti ilə əlaqədar olmuşdur. Qızı da anası ilə birlikdə Azərbaycan Respublikasında qaldığı üçün ona baxır. Lakin anası ürək əməliyyatı keçirdiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mütəmadi olaraq Azərbaycana gəlir. Hər dəfə gedib gələrkən qolunda “Rolex” markalı saat olmuşdur. Həmin saatı o, Çin Xalq Respublikasından şəxsi istifadəsi üçün almışdır. Dəfələrlə Bakıya gəlmiş, lakin həmin saatla bağlı onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları heç bir zaman saxlamamışdır. Həmin saat təxminən 3 ilə yaxındır ki, ondadır. Həmin saatın zəmanət kartı və saatın qabı da ondadır. Zəmanət kartında həmin saat seriya nömrəsi və hansı tarixdə verildiyi açıq-aşkar şəkildə qeyd edilmişdir. Gömrük orqanın əməkdaşı onu saxladığı zaman ona istifadəsində olan qol saatının bəyan etməli olduğunu bildirmiş və bəyan etmədiyi üçün bununla bağlı araşdırma aparılması üçün götürmüşdür. Lakin o, həmin saatı həm şəxsi istifadəsi üçün aldığı və ondan saat götürülənə qədər şəxsi istifadəsində olduğu üçün barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid kimi izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin inspektoru vəzifəsində işləyən Şahid qeyd etmişdir ki, 10 fevral 2024-cü il tarixdə İstanbul- Bakı aviareysi ilə gələn Şəxs müşayiət olunan baqajlarını baqaj lentindən götürüb “Yaşıl kanal”ı keçərkən gömrük əməkdaşları saxlanılaraq gömrük nəzarətinin “Qırmızı kanal”ına dəvət olunmuşdur. Şəxs “X-Ray” rentgen aparatından keçən zaman qurğunun müşahidə aparatından diqqətçəkən cizgilərin olduğu müəyyən edilmişdir. Şəxs üzərində bəyan edilməli əşya olub-olmaması soruşulan zaman o bildirmişdir ki, onun üzərində hər hansı bəyan edilməli əşya yoxdur. Ona bildirilmişdir ki, qolundakı “Rolex” markalı saat gömrük nəzarətinə təqdim edilməlidir. Baxışı şahid özü hayata keçirmişdir. Gömrük əməkdaşının qanuni tələbi ondan ibarət idi ki, həmin zaman Şəxs üzərinə gömrük baxışı həyata keçirilməli idi. İstənilən halda şəxs əgər üzərində hər hansı bir əşya ilə ölkəyə daxil olursa və ölkə hüdudlarından kənara çıxarsa, bu halda həmin əşya və predmetlər mütləq şəkildə yazılı və şifahi formada bəyan edilməlidir. Verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, Şəxs üzərində bəyan edilməli olan əşya olub-olmaması soruşulduqda o üzərində hər hansı bəyan edilməli əşyanın olmadığını qeyd etmişdir. Saat Şəxsn qolunda olmuşdur. Saatın ona məxsus və onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1425-5/335-9/1924 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının sarı rəngli hissəsinin metalı 750 əyarlı qızıldan, gümüşü rəngli hissəsinin metalı dəmir, xrom və nikel (polad) elementlərindən hazırlanmışdır, ümumi çəkisi 191,22 qramdır, siferblatı leyko-sapfirdir, saat özü işlək vəziyyətdədir. Digər “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı metalı dəmir, xrom və nikel (polad) elementlərindən hazırlanmışdır, ümumi çəkisi 88,09 qramdır, siferblatı leyko-sapfirdir, saat özü işlək vəziyyətdədir. Eyni zamanda texniki ekspertiza tədiqatı ilə müəyyən olundu ki, qol saatlarının hər ikisinin orjinal olub-olmaması mütəxəssis rəyində göstərildiyi kimidir və saatlarda olan əmtəə nişanı “712694-ROLEX” nömrəli beynəlxalq qeydiyyatda olan “ROLEX” əmtəə nişanı ilə eynidir və əmtəəşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixinə “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının qiyməti 38800 manat, “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının qiyməti isə 150 manat olmaqla hər iki saatın birlikdə orta bazar dəyəri 38950 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan, ümumi dəyəri 150 manat təşkil edən qol saatını Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmiş, həmçinin Şəxs ümumi dəyəri 38800 manat məbləğində olan qol saatını gömrük orqanına mütləq bəyan etməli olduğu halda bəyan etməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında inizbati xəta haqqında protokol ilə razılaşmayaraq, “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatını 2021-ci il tarixdə Çin Xalq Respublikasından şəxsi istifadəsi üçün aldığını və ekspertiza rəyində qeyd edilən saatın orta bazar qiymətinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə inzibati xətanın bilavasitə obyekti olan predmetin 10 fevral 2024-cü il tarixə olan orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən inzibati xətanın predmeti olan xx.xx.2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş vəziyyətdə olan “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatının satışına və qiymətinə dair Azərbaycan Respublikasında yerləşən ticarət məntəqələrində və yerli internet saytlarında məlumat olmadığı üçün ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mübahisələndirdiyi məsələnin (qol saatının orta bazar qiymətinin) yalnız texnika sahəsində xüsusi bilik tələb edən mütəxəssisin rəyi əsasında cavablandırılması mümkündür. İnizbati orqan tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı ekspert tərəfindən qiymətləndirilmə aparılmış və inzibati xətanın predmeti olan qol saatının həmin vaxta olan orta bazar qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə qeyd edir ki, İXM-nin 448-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir. Mövcud qanunvericiliyə əsasən ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsi 10 fevral 2024-cü il tarixdə törədilmişdir. Lakin Şəxs barəsində olan inzibati material 14 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati materiala məhkəmədə baxılan zaman isə İXM-nin 38ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati tənbeh vermə müddəti keçdiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələri ilə təqsirli bilinməli, İXM-nin 448-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin hissədə iş üzrə icraata xitam verilməli və ona 482.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 38950 manat məbləğin qırx faizi miqdarında 15580 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 1 ədəd “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı qərar qanuni qüvvəyə mindikdən sonra və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 1 ədəd “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı isə dövlət nəfinə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 15580 (on beş min beş yüz səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 1 ədəd “ROLEX SKY DWELLER OYSTER PERPETUAL SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı qərar qanuni qüvvəyə mindikdən sonra və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 1 ədəd “ROLEX OYSTER PERPETUAL DATEJUST SUPERLATİVE CHRONOMETER OFFİCİALLY CERTİFİED” markalı qol saatı dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1031/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1031/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver