Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1039/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayədəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 (Sanubar Salimovanın) müdafiçəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 (Sanubar Salimovanın) müdafiçəsi Vəkil şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarında dəyişiklik edilərək, həmin qərarın inzibati tənbehvermə hissəsindən “10 gün müddətində ölkə ərazisini tərk etsin” sözlərinin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X5 xx.xx.1976-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşı ilə ailə qurmuş və onların birgə nikahlarından övladları doğulmuşdur. Hal-hazırda onun övladlarından biri onunla birlikdə Bakı şəhərində yaşayır. Qeyd etmək istəyir ki, X3 digər ailə üzvləri və qohumları, yəni bacısı, qardaşı və s. Azərbaycan Respublikasında yaşayır. X5 digər övladı Rusiya Federasiyasında yaşadığı üçün o, hərdən Rusiya Federasiyasına da gedib-gəlmişdir. Axırıncı dəfə də 2018-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan bu günə kimi Azərbaycan Respublikasında yaşamışdır. Məlum COVİD-19 pandemiyası ilə əlaqədar sərhədlər bağlandığı üçün o Rusiya Federasiyasına gedib-gələ bilməmiş və yararsız vəziyyətə salınmış pasportunu dəyişə bilməmişdir. Bu yaxınlarda həm yararsız pasportunu dəyişmək üçün, həm də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Miqrasiya Xidmətinin əməkdaşları ona bildirmişlər ki, sənədləşmə işlərini icra etmək üçün hər hansı bir xarici dövlətə gedibqayıtmağın, yəni sərhədi keçmək vacibdir. Buna görə də X5 məcbur olub Gürcüstan Respublikasına getmişdir. Lakin Gürcüstandan qayıdarkən onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulmuş və artıq 2 günə yaxındır ki, o, Azərbaycanın gömrük sərhəddində, daha doğrusu Heydər Əliyev adına X7 neytral zonada saxlanılır. X5 onun nə səbəbdən Azərbaycan Respublikasına buraxılmadığını soruşduqda onun Azərbaycan ərazisində qeydiyyatsız yaşamasını və bununla əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə olunduğunu və cəriməni ödəmədiyinə görə onun Azərbaycan Respublikasına girişinin qadağan edildiyi bildirmişlər. Bundan sonra X5 həmin 400 manat cəriməni ödəmiş və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təqdim etmişdir. Lakin buna baxmayaraq yenə də qanunsuz olaraq onun Azərbaycan Respublikasına girişinə şərait yaradılmamış və o hazırda da neytral zonada saxlanılır. X5 xəstədir və belə bir şəraitdə onun saxlanılması onun sağlamlığına çox mənfi təsir göstərir. Qeyd etmək istəyir ki, X1 Respublikasına gedərkən ondan Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi və cərimə olunması və həmçinin əgər Azərbaycan Respublikasına qayıdarsa onun ölkəyə buraxılmaması ilə əlaqədar hər hansı bir məlumat verilməmiş və o belə bir halın olmasından xəbərsiz olmuşdur. Qeyd etmək istəyirəm ki, AR DMX əməkdaşları tərəfindən onun barəsində AR İXM-nin 575.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmçinin o, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərarla ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə edilmişdir və həmçinin həmin qərarda 10 gün müddətində ölkə ərazisini tərk etməsi göstərilmişdir. Əvvəla, bildirmək istəyir ki, bu inzibati tənbeh vermə haqqındakı qərarın nəticə hissəsindəki cəza məsələsi bir-birinə zidd olan sözlərdən tərtib olunmuşdur. Belə ki, qərarın cəza vermə hissəsində ölkə hüdudlarından kənara çıxarılmamaqla 400 manat məbləğində cərimə olunması nəzərdə tutulmuş, davamında isə 10 gün müddətində ölkəni tərk etməsi göstərilmişdir. Təbii ki, qanunvericiliyə görə inzibati xətalar üzrə işlərdə belə ziddiyyətli inzibati tənbeh növü yolverilməzdir. X2 barəsində ölkə hüdudlarından çıxarılma kimi inzibati tənbeh növünün seçilməsi də əsassız və qanunsuzdur. Belə ki, inzibati işin materiallarından da görünür ki, X5 Azərbaycan Respublikasında anadan olmuş, hal-hazırda da AR-da yaşayır, onun valideynləri də AR-nın vətəndaşlarıdır. Bundan başqa, X5 daimi olaraq AR-nın ərazisində yaşamış və onu Azərbaycanla bağlayan möhkəm ailə bağları və həmçinin digər amillər vardır. Eyni zamanda X5 AR-nın vətəndaşlığını almaq üçün də müvafiq dövlət orqanlarına müraciət etmiş və həmin istiqamətdə müəyyən işlər aparılmışdır. Belə ki, X5 Azərbaycan vətəndaşlarına qəbul edilmək üçün yetərincə qədər hüquqi əsaslar vardır. Belə ki, AR Konstitusiyasının 52-ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs AR-nın vətəndaşıdır. Valideynlərindən biri AR-nın vətəndaşı olan şəxs AR-nın vətəndaşıdır. Yəni işin hallarından da görünür ki, onun Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün qanunvericilikdə göstərilmiş bütün əsaslar vardır. Belə bir vəziyyətdə onun barəsində ölkə hüdudlarından kənara çıxarma növündə inzibati tənbehin seçilməsi qanunvericilik baxımından, ədalət və humanizm prinsipləri baxımından yolverilməzdir. Lakin əfsuslar olsun ki, AR DMX-nin əməkdaşları tərəfindən X5 barəsində qanunvericilik normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq X5 (Sanubar Salimova) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. X3 müdafiçəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ya başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, X3 (Sanubar Salimovanın) və onun müdafiçəsi Vəkil iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Hazırki və əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayədəsi Nümayəndə şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirmişdir ki, X5 6 ildir ki, ölkə ərazisində qanunsuz yaşayır. Bu barədə məlumat olmasına baxmayaraq onun pasportunun müddəti bitməsi səbəbindən tədbir görülməsi mümkün olmamışdır. İnzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X5 yazılı izahat verməkdən imtina etsə də, şifahi izahatında bildirmişdir ki, cərimənin ödəyə bilməyəcəyini və ölkədən gedəcəyini bildirmişdir. Bu səbəbdən ona Azərbaycan Respublikasında yaşamasına müvəqqəti icazə verilməsi üçün müraciət etməsi və ya Azərbaycan Respublikasını tərk etməsi üçün ona vaxt verilmişdir. Bu səbəbdən Qərarda ona 10 gün müddətində ölkənin tərk etməsi qeyd olunmuşdur. Belə ki, əks halda onun Azərbaycan Respublikasında olmasına hər hansı bir əsas mövcud deyil. Həmçinin bildirmişdir ki, X5 tərəfindən tətbiq edilmiş cərimənin ödənilməsinə baxmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən o arzuolunmaz şəxs hesab olunmuş və bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmuş, ona görə X3 ölkəyə daxil olması qadağan edilmişdir. Bu səbəbdən X5 ölkəyə daxil ola bilmir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Salimova Sanubar (X5) xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmadan yaşaması səbəbindən Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsində təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin həmin qərarda 10 gün müddətinə ölkə ərazisini tərk etməsi qeyd olunmuşdur. - P RUS 55 ******* nömrəli pasportun surətindən görünür ki, Salimova Sanubar (X6) xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır. Pasport xx.xx.2024-cü il tarixdə verilmiş, xx.xx.2034-cü il tarixədək qüvvədədir. -İV-ЖГ seriyalı, 275819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş edilmiş “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salimova Sanubarın Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsi, Salimova Sanubar tərəfindən inzibati cərimə ödənildikdə onun ölkəyə gəlişinə qoyulmuş qadağanın götürülməsi barədə qərar qəbul edilmişdir. -Dövlət Miqrasiya Xidməti – Sərhədkeçməyə dair çıxarışdan görünür ki, Salimova Sanubar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından çıxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Şikayətə baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən olunur ki, X5 (Sanubar Salimova) xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmadan yaşaması səbəbindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsində təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə edilmişdir. X11 barəsində əlavə cəza kimi barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma növündə inzibati tənbeh növü tətbiq edilməmişdir. Şikayətə baxılması ilə bağlı müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 20.1 və 20.2-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Qeyd olunanla bağlı məhkəmə nəzərə çatdırır ki, Sanubar Salimova barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati tənbeh tədbiri haqqında qərar qəbul edildiyi vaxtı əcnəbi şəxs olan Sanubar Salimovanın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, həmçinin müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətləri mövcud olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda 10 gün müddətinə ölkə ərazisini tərk etməsinin qeyd olunması, Sanubar Salimovanın ölkə ərazisindən məcburi çıxması deyil, məhz Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə riayət edilməsi zərurətinin göstəricisi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 (Sanubar Salimovanın) müdafiçəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1039/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1039/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver