Məhkəmə qərarları › İş №3(003)-1043/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1043/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1043/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1965-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış evi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis Bölməsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 3-cü PB) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 izahatında göstərdi ki, Şəxs 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi evdə qeyrirəsmi arvadı X2 təhqir etməklə xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış evi ünvanında qeyri-rəsmi yaşadığı arvadı X1 təhqir etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, qeyri-rəsmi yaşadığı əri Şəxs mütəmadi olaraq müxtəlif bəhanələrlə onu yetkinlik yaşına çatmayan uşaqlarının gözü qarşısında söyür, şəxsiyyətini alçaldır. Hazırda ailələrində dözülməz vəziyyət yaranmışdır. Qonşuların hamısı İqbalın bu cür yaramaz hərəkətlərindən bezmişlər. Bütün qonşulardan, uşaqlarından və yaxınlıqda yaşayan qohum-əqrəbasından utanır. Hətta dünən polis əməkdaşları onlara gələrkən İqbalın mənə qarşı bu cür hərəkətlərinin şahidi olmuşlar. Bundan sonra İqbal ilə bir yerdə yaşamaq istəmir, ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq İqbala müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 08 avqust 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2021-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 08 avqust 2021-ci il tarixdə saat 15:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1965-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 08 avqust 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar