Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-106/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: 1********) barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 27 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” adlı marketdə fəaliyyət göstərən Şəxs MMC-yə məxsus ərzaq mağazasında epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması faktı, yəni fərdi qoruyucu vasitələrdən (maskadan) istifadə olunmadığı aşkar edilmişdir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Dövlət vergi müfəttişləri X2 və X3 tərəfindən 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2020-ci il tarixli 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5. Strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndi və 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.18-1. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin 03.07.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əlejhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” təsdiq edilmişdir. Qeyd edilən əmrin 2-ci bəndi ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarının əməkdaşlarına həvalə edilmişdir. Dövlət Vergi Xidmətinin 03.07.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş Metodiki Təlimatın 2.6-cı bəndinə əsasən isə İnzibati Xətalar Məcəlləsinin 211.1-211.3-cü maddələri üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC-də kassir vəzifəsində işləyən X1 izahatından görünür ki, 27 dekabr 2021-ci il tarixində iş yerində zalda və kassa arxasında olmadan zaldan kənarda namaza gedərkən maskasız olmuş, yəni dəstnamaza gedərkən arxa tərəfdə tibbi maskada olmamışdır. İş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildən görünür ki, iki nəfər şəxs qoruyucu tibbi maskadan istifadə etməmiş, lakin qapalı məkanda olan şəxslər kişilər olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı 21 dekabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş və həmin qərar 21 dekabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. 27 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” adlı marketdə fəaliyyət göstərən Şəxs MMC-yə məxsus ərzaq mağazasında kassir vəzifəsində işləyən X1 27 dekabr 2021-ci il tarixdə zalda olarkən qoruyucu tibbi maskadan istifadə edilməməsi göstərilsə də iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin şəxslərin kişilər olması müəyyən olunur. Belə ki, X1 tibbi maskadan istifadə etməməsi halı olmamışdır. Məhkəmə “27 dekabr 2021-ci il tarixində iş yerində zalda və kassa arxasında olmadan zaldan kənarda namaza gedərkən maskasız olmuş, yəni dəstnamaza gedərkən arxa tərəfdə tibbi maskada olmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən X4 tərəfindən verilmiş izahatda iş başında maskasız olması etiraf edilməmiş və onun tərəfindən maskasız olması dəstnamaz alması ilə əlaqədar olmuşdur. Həmin qeyd edilmiş izahatdan da görünür ki, epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması faktı, yəni fərdi qoruyucu vasitələrdən (maskadan) istifadə olunmaması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 211.3-ci maddəsinin tələbinin pozulması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-106/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-106/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver