Məhkəmə qərarları › İş №3(003)-1061/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1061/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1061/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Bakıxanova Nazilə Hüseyn qızının iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-193/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və Şəxs 50000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6819/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən isə cavabdeh Şəxs 44800 manat məbləğində pul vəsaiti iddiaçı Bakıxanova Nazilə Hüseyn qızının xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən icra vərəqələrinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 verdiyi izahatında bildirdi ki, hər iki icra sənədi şöbəyə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədlərinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcunu maddi imkanının aşağı olması, himayəsində iki azyaşlı uşağının olması və həyat yoldaşının halhazırda həbsxanada cəza çəkməsi səbəbindən ödəyə bilmədiyini və qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Bakıxanova Nazilə Hüseyn qızı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-193/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X2 və Şəxs 50000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6819/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 44800 manat məbləğində pul vəsaiti iddiaçı Bakıxanova Nazilə Hüseyn qızının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarların surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışın surətindən görünür ki, borclu Bakıxanova Nazilə Hüseyn qızının mülkiyyətində ünvan 1 ünvanında yerləşən bağ evinin ¼ hissəsi və “Seat İbiza ST” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcüddur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə istinad edərək ilk olaraq qeyd edir ki, borcluya hər iki icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı bildiriş rəsmi təqdim edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Qanunun normasından göründüyü kimi məcburi icra tədbirlərinin tətbiqinin üç əsası vardır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə məcburi icra tədbirlərinin tətbiqinin ilk iki əsası mövcud olsa da, üçüncü əsas öz əksini tapmamışdır. Bu isə icra sənədi üzrə könüllü icra müddəti keçmədiyi halda borclu barəsində məcburi icra tədbirlərinin tətbiq edilməməsi anlamına gəlir. Məhkəmə həmçinin bildirir ki, verilmiş əmlak sorğuları nəticəsində borclunun mülkiyyətində bağ evi (1/4 hissəsi) və “Seat İbiza ST” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mövcud olması aşkar edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Bu hala münasibətdə məhkəmə qeyd edir ki, hətta icra sənədi üzrə könüllü icra müddəti keçsədə belə icra məmuru tərəfindən borclunun mülkiyyətində olan əmlaklara həbs qoyulması və tələbin həmin əmlaklara yönəldilməsi ilə bağlı icra hərəkətləri görülməmişdir. Qeyd edilən icra hərəkətlərinin vaxtında edilməsi icra sənədləri üzrə borcun müəyyən qisminin icra edilməsinə səbəb olardı. Lakin həmin icra hərəkətlərinin edilməməsi icra sənədlərinin uzun müddət icrasız qalmasına gətirib çıxarmışdır. Məhkəmə onu da qeyd edir ki, icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti tam yoxlanılmamışdır. Belə ki, borclunun bank təşkilatlarında pul vəsaitlərinin mövcud olması barədə məlumat əldə edilməmişdir. Məhkəmə bütün qeyd olunanları nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən tələblərə riayət edilmədən icra məmuru tərəfindən borclu barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İcra məmuru tərəfindən yuxarıda göstərilən icra hərəkətlərinin görülməməsi nəticəsində borclunun icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra edilməməsi müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar