Məhkəmə qərarları › İş №3(003)-1062/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1062/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1062/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2, protokol tərtib edən şəxs Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin polis sahə inspektoru Qanuni nümayəndə iştirakları ilə X2 Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin 1-ci Polis şöbəsi tərəfindən çıxarılmış MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını, gələcəkdə bu kimi halların baş verməməsi ilə əlaqədar Xəzər RPİ-nin 1-ci Polis şöbəsi tərəfindən səlahiyyətlərindən kənar qərar qəbul olunması ilə əlaqədar intizam tədbirləri görülməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilməsini xahiş etmişdir. Məhkəmədə X3 şikayəti müdafiə edərək göstərdi ki, o, 25 aprel 2022-ci il tarixdən etibarən ictimai əsaslarla Şağan bələdiyyəsinin sədri vəzifəsində işləyir. 29 iyun 2022-ci il tarixdə mənə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru Qanuni nümayəndə tərəfindən bildirilmişdir ki, Şağan qəsəbəsi ərazisində yaşayış məntəqələrində təmizlik qaydalarının pozulması ilə əlaqədar barəmdə inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. O, hansı səbəbdən protokol tərtib olunmasını, təmizlik qaydaları ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanının olduğunu bildirmiş, lakin əhəmiyyət verən olmadı və protokol ilə əlaqədar qərar qəbul olunacağını və məlumatlandırılacağı bildirilmişdir. Protokol üzrə qərarda onun Şağan qəsəbəsi ərazisində yaşayış məntəqələrində təmizlik və səliqəni təmin etmə qaydalarına əməl edilməməsi göstərilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi ilə məsuliyyətə cəlb olunmağı göstərilmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyət Başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamının icrası haqqında 13/3 saylı Səracamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 06 iyun tarixli 586 saylı Fərmanı ilə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətnin tabeliyində hüquqi şəxs statusu ilə "xxxx" MMC təsis edilmişdir. Bakı şəhər İcra Hakimiyyət Başçısının xx.xx.2012-ci il tarixli 357 saylı sərəncamına əsasən "xxxx" MMC struktur vahidi kimi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilmiş və təsərrüfat fəaliyyəti üzrə idarəçiliyinin həyata keçirilməsi müəyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 06 avqust 2008-ci il tarixli 2983 saylı Sərəncamına əsasən Bakı şəhəri ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin "xxxx" ASC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Bakı şəhər bələdiyyələrinə ünvanladığı 09/5-66 saylı, xx.xx.2016-cı il tarixli məktubunda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiq edilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır. Daha sonra, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbə Bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə bələdiyyələrin müvafiq qurumlar tərəfindən cərimələnməsi ilə bağlı sorğusuna cavabda da göstərilir ki, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi və bu sahədə başqa məsələlərin həll edilməsi "xxxx" ASC və Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Bundan əlavə qeyd edir ki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 fevral tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli fərmanının 5.30-cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yeri icra hakimiyyəti orqanları baxırlar. Lakin Xəzər RPİ-nin 1ci PB-nin rəisi Habil Həsənov tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərmanına əməl olunmayaraq, səlahiyyətlərindən kənar qərar qəbul edərək barəmdə 396-cı maddəsi ilə inzibati tənbeh vermə qərarı qəbul etmişdir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qararı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Barəsində tərtib olunmuş protokol və protokol üzrə qərar qəbul olunarkən Azərbaycan Respublikası Qanunlarına əməl olunmamasından əlavə Azərbaycan Respublikası İXM-nin 396-cı maddəsi ilə təqsirli olmağı sübuta yetirilməmiş, belə ki, zibillərin aşkar olunduğu ərazinin Şağan bələdiyyəsinə aidiyyəti olması təsdiq olunmamış, bundan əlavə zibillərin təmizlənməsi ilə əlaqədar məsuliyyət daşıyacaq qurum müəyyən olunmamışdır. İnzibati xəta haqqında protokol onun yanında tərtib olunmadığından inzibati tənbeh vermə haqqında qərardan da, məlumatı olmamışdır. həmin qərarı 19 iyul 2022-ci il tarixdə polisdən almış və qərardan narazı olduğu üçün məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs Qanuni nümayəndə bildirdi ki, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyir. 29 iyun 2022-ci il tarixdə Şağan qəsəbəsi ərazisində keçirilən reyd zamanı Şağan qəsəbəsi ərazisində məişət tullantılarının yığıldığı, yəni Şağan bələdiyyəsi tərəfindən yaşayış məntəqələrində təmizlik və səliqəni təmin etmə qaydalarına əməl edilmədiyi aşkar olunmuşdur. Bu barədə bələdiyyə sədrinə bildirsə də, sədr zibillərin təzə olduğunu və bu barədə xəbəri olmadığını bildirərək etiraz etmişdir. O, bununla bağlı Şağan bələdiyyəsinin sədri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PB-nin sahə inspektoru Qanuni nümayəndə tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şağan qəsəbəsi ərazisində Şağan bələdiyyəsi tərəfindən yaşayış məntəqələrində təmizlik və səliqəni təmin etmə qaydalarına əməl edilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat cərimə olunmuşdur. İş materiallarında olan Şağan bələdiyyəsi tərəfindən verilmiş 48 nömrəli, 26 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Şağan bələdiyyəsinin balansında tullantıları yığmaq üçün heç bir texniki vasitə yoxdur, bununla əlaqədar heç bir idarə və ya şirkətlə müqavilə bağlanmamışdır. Bələdiyyədə ehtiyac olmadığı üçün fəhlə ştatından istifadə olunmur. Azərbaycan Respublikası İXM-nin 396-cı maddəsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə – fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması, zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işləri görülməsi "xxxx" MMC-nə, Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işləri isə "xxxx" ASC-nə həvalə edilmişdir. Göründüyü kimi Şağan qəsəbəsi ərazisində yaşayış məntəqələrində təmizlik və səliqəni təmin etmə qaydalarına əməl edilməməsinə görə Şağan bələdiyyəsi məsuliyyət daşımır və həmin qaydalara riayət olunması onların səlahiyyətlərinə aid deyildir. Həmçinin Şağan bələdiyyəsinin balansında tullantıları yığmaq üçün heç bir texniki vasitə yoxdur, bununla əlaqədar heç bir idarə və ya şirkətlə müqavilə bağlanmamışdır. Bələdiyyədə ehtiyac olmadığı üçün fəhlə ştatından istifadə olunmur. Belə olan halda Şağan bələdiyyəsinin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396cı maddəsində maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməzdi. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 19 iyul 2022-ci il tarixdə əldə etmiş və 20 iyul 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 10 gün müddətində məhkəməyə şikayət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin rəisi Habil Həsənov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 29 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar