Məhkəmə qərarları › İş №3(003)-1066/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1066/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1066/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs iştirakı ilə, 08 iyun 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağları yeni sahə fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhər BPİ X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis baş leytenantı X2 tərəfindən 30 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2021-ci il tarixdə “VAZ 21063” markalı **-HT-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 30 iyul 2021-ci il tarixdə özünə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı içkili olduğu məlum olmuşdur. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, X1 alkoqol sərxoşluğu 4,177 promil olması aşkar edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, X3 öz sözləri ilə sprirtli içki qəbul etdiyini, alkotesterin göstəricisi ilə razıdır, həkimə getməyə ehtiyac olmadığını və əməlindən peşman olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar