Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1072/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1982-ci il tarixdə Ağdam rayonunun Əlimədətli Ə/D Xaçındərbətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Əlimədətli Ə/D Xaçındərbətli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şuşa” sanatoriyasının yanındakı fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında 23 iyul 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs 26 may 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək iş vaxtı müxtəlif saatlarda Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “OBA” marketdən 200-300 manat dəyərində hissə-hissə ərzaq oğurlamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Ukraynada yaşamış, orada məlum döyüş əməliyyatları başlandıqdan sonra ailəsi ilə birlikdə qaçıb Azərbaycan Respublikasına gəlmişdir. Bir müddət iş tapa bilməmiş, qaynatasının himayəsində yaşamışdır. Nəhayət, 21 aprel 2022-ci il tarixdə Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “OBA” marketdə aylıq maaşı 400 manat olmaqla əmək müqaviləsi ilə satıcı kimi işə qəbul edilmiş, 07 iyun 2022-ci ilə qədər orada işləmişdir. Həmin müddət ərzində ona əmək haqqı ödənilməmiş, nəticədə ailəsinin dolanışıq vəziyyəti çox çətinləşmişdir. İnzibatçıya dəfələrlə müraciət edib ailə vəziyyətinin ağır olduğunu bildirməsinə baxmayaraq, əmək haqqını ala bilməmişdir. Həmin vaxt marketdə vaxtı keçmiş bəzi şirniyyat məhsullarının geri qaytarılmaqdan ötrü hazırlanıb bir yerə yığıldığını görmüş, onların lazımsız olduğunu zənn edərək 26 may 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək iş vaxtı müxtəlif saatlarda təxminən 200-300 manat dəyərində hissə-hissə ərzaq oğurlamışdır. Maddi imkanı zəif olduğu üçün ziyan məbləğini indiyə qədər ödəyə və zərərçəkmiş şəxslə barışa bilməmişdir. Ona bir qədər möhlət verilərsə, vurduğu ziyanı hissə-hissə ödəyə biləcəkdir. İlk dəfə törətdiyi əməlindən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində iki azyaşlı uşağı vardır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması, ailəsinin yeganə qazanc gətirəni olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, Azərbaycan Respublikasının İXM-nin 28-ci maddəsinin tələbinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 28, 40, 43, 114- 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1982-ci il tarixdə Ağdam rayonunun Əlimədətli Ə/D Xaçındərbətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Əlimədətli Ə/D Xaçındərbətli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şuşa” sanatoriyasının yanındakı fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1072/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1072/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver