Məhkəmə qərarları › İş №3(003)-1076/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1076/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1076/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 05 iyul 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Binəqədi rayonu 28 May qəsəbəsi 9-cu döngə 11-ci Paralel 273 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 26 iyul 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, Şəxs 25 iyul 2022-ci il tarixdə saat 14:30 radələrində Binə qəsəbəsində Binə mərkəzi deyilən ünvanda X2 yaxınlaşıb onunla tanış olmaq istəmiş, o isə onunla danışmaqdan imtina etdiyi üçün Şəxs orada olan insanların gözü qarşısında onu yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmiş, onun ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Onu da bildirir ki, Aytəkin Mahmudova bundan əvvəl də Rəvan Qarayev barəsində polisə bir neçə dəfə şikayət etmiş, bu ilin may ayında eyni əmələ görə onun barəsində Xəzər RPİ 3-cü PŞ tərəfindən inzibati tənbeh tədbiri də görülmüşdür. Bu səbəbdən Şəxs barəsində hazırda Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, o, təxminən 2020-ci ilin iyun ayında Şəxs ilə instaqramda tanış olmuş, bir qədər sonra onunla görüşüb müxtəlif otellərə getmiş və intim münasibətdə olmuşdur. Həmin vaxtlarda Rəvan ona onunla evlənəcəyini deyərək evlərinə elçi göndərəcəyini demiş, lakin sonradan xalasının və xalası ərinin guya ölməsini bəhanə edərək evlənmək fikrindən daşınmışdır. O da bunu görüb ondan soyumuş və aralanmaq istəmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, Rəvan onunla olan intim münasibətdə olarkən telefonla çəkilişlər etmişdir. Rəvan 2022-ci ilin may ayından etibarən həmin videogörüntüləri və çılpaq şəkillərini sosial şəbəkədə paylaşacağı, onun atasına, anasına, qardaşına, iş yoldaşlarına göndərəcəyi ilə onu hədələyib şantaj etmişdir. Bundan əvvəl o, bu barədə Xəzər RPİ 3-cü PŞ-nə ərizə ilə müraciət etmiş, həmin materialla bağlı qərar qəbul edilmişdir. Hazırda Rəvan təkrarən onu şəkil və videolarını paylayacağı ilə hədələyir. Rəvana çox yalvar-yaxar etməsinə baxmayaraq, o, həmin videogörüntüləri və şəkilləri telefonundan silməmiş, həmin telefonu gizlətmiş və ortaya başqa telefon çıxarmışdır. 25 iyul 2022-ci il tarixdə saat 14:30 radələrində Binə qəsəbəsində olarkən Rəvan ona yaxınlaşıb onunla danışmaq istəmiş, o isə onunla danışmaqdan imtina etmişdir. Həmin vaxt Rəvan orada olan insanların gözü qarşısında onu yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, Rəvanı sakitləşdirmək istəsə də, Rəvan bu hərəkətlərini davam etdirmişdir. O da məcbur qalaraq polisə şikayət etmişdir. Bütün bunların nəzərə alınaraq Rəvana törətdiyi əməlinə görə inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2020-ci ilin iyun ayında X3 ilə instaqramda tanış olmuş, bir qədər sonra onunla görüşüb müxtəlif otellərə getmiş və intim münasibətdə olmuşdur. Aytəkinə çox bağlanmışdır, ondan ayrıla bilmir, hətta onunla evlənmək məqsədilə onlara elçi göndərmək istəmiş, lakin bir neçə yaxın qohumu rəhmətə getdiyi üçün elçilik baş tutmamış, Aytəkin də ondan soyuyaraq aralanmışdır. Buna baxmayaraq, o, Aytəkini çox sevdiyindən, indinin özündə də onunla münasibətlərini bərpa etmək istəyir, 25 iyul 2022-ci il tarixdə saat 14:30 radələrində Binə qəsəbəsinin mərkəzində Aytəkinə həmin məqsədlə yaxınlaşmış, lakin Aytəkin onu yaxına buraxmadığı üçün orada olan insanların gözü qarşısında onu yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Əməlindən peşmandır, bundan sonra Aytəkini narahat etməyəcəkdir. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli AZA nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 25 iyul 2022-ci il tarixdə saat 16:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 05 iyul 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Binəqədi rayonu 28 May qəsəbəsi 9-cu döngə 11-ci Paralel 273 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu 25 iyul 2022-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar