Məhkəmə qərarları › İş №3(003)-1079/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1079/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1079/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X3 iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0157/22 nömrəli, 22 iyul 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən az miqdarda malları bəyan etməmişdir. Həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X4 göstərdi ki, "xxxx" MMC tərəfindən 08 iyun 2022-ci il tarixli, **********0768 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş müxtəlif adda yüklərə gömrük baxışı həyata keçirilərkən gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 20 ədəd “Curing Light-LUX İ” adlı yük bəyan olunduğu halda həmin yükdən 13 ədəd əlavə, 8 ədəd “Ultrasonic Csaler-V1” adlı yük bəyan edildiyi halda həmin yükdən 3 ədəd əlavə, 10 ədəd “Curing light-LED G” adlı yük bəyan edildiyi halda həmin yükdən 1 ədəd əlavə, 3 ədəd “Obturation system Fİ-P” adlı yük bəyan edildiyi halda həmin yükdən 5 ədəd əlavə, 20 ədəd “Endo Radar” adlı yük bəyan edildiyi halda həmin yükdən 16 ədəd əlavə, gömrük bəyannaməsinin 4-cü mal mövqeyində 10 ədəd “Air flow powder- Super” adlı yük bəyan edildiyi halda həmin yükdən 2 ədəd əlavə, “Air flow powder-Gentle Mini” adlı yük bəyan edildiyi halda həmin yükdən 2 ədəd əlavə gömrük orqanına düzgün bəyan edilməyən yüklər aşkar edilmişdir. Həmçinin eyni aviaqaimə əsasında şirkətin ünvanına daxil olmuş yüklər arasında **********0768 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanlarına bəyan edilməyən 4 ədəd “DTE İmplant X”, 4 ədəd “DTE İmplant X Led”, 1 ədəd “DTE Aİ Ray”, 1 ədəd “X8 E”, 1 ədəd “Curing Light O-Light” və 2 ədəd “Contra-angle handpiece CA001-G” adlı tibbi avadanlıqlar aşkar edilmiş və araşdırma aparılması üçün saxlanılmışdır. Məhkəmədən "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən az miqdarda malların bəyan edilməməsi və düzgün bəyan edilməməsi həmin malları göndərən şirkətin səhvi nəticəsində baş vermişdir. Şirkətin ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək aşağı həddə cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən az miqdarda malları bəyan etməmişdir. Həmçinin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2022-ci il tarixli, 9/4721 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda stomatoloji cihazların ümumilikdə 08 iyun 2022-ci il tarixə orta bazar qiyməti təxminən 26630 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasına əsasən - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasına əsasən - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, 100 (yüz) manat məbləğində ekspertiza xərci "xxxx" MMCdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 26630 manat dəyərində malların 40 (qırx) faizi, 10652 (on min altı yüz əlli iki) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar – 13 ədəd “Curing Light-LUX İ”, 3 ədəd “Ultrasonic Csaler-V1”, 1 ədəd “Curing light-LED G”, 5 ədəd “Obturation system Fİ- P”, 16 ədəd “Endo Radar”, 2 ədəd “Air flow powder-Super”, 2 ədəd “Air flow powder- Gentle Mini”, 4 ədəd “DTE İmplant X”, 4 ədəd “DTE İmplant X Led”, 1 ədəd “DTE Aİ Ray”, 1 ədəd “X8 E”, 1 ədəd “Curing Light O-Light” və 2 ədəd “Contra-angle handpiece CA001- G” adlı tibbi avadanlıqlar qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq "xxxx" MMC-nə geri qaytarılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar