Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1084/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ-nin) sahə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1963-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Güzdək qəsəbəsi Sovxoz evi ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağ evi ünvanında yaşayan Şəxs barəsində Xəzər RPİ 1-ci PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 18 avqust 2021-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 17 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Xəzər rayonu Xaşaxuna qəsəbəsində sərxoş halda polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, 18 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Xaşaxuna qəsəbəsində ailəsi ilə birlikdə yaşadığı evdə olarkən polis əməkdaşları uşaq göndərərək onu çağırmışlar. Qonşuluqda yaşayan Qalina xanımın evində siqnalizasiyanın işə düşməsinə görə onlar ora yaxınlaşmışlar. Açar onda olduğuna görə çölə çıxıb açarı polis əməkdaşlarına təqdim etmiş, lakin onların onunla pis rəftar etmələri, həmçinin ona şübhəli şəxs kimi baxmaları ona pis təsir etmiş, bununla əlaqədar onda aqressiya yaranmış və aralarında mübahisə düşmüşdür. O, bir az spirtli içki içsə də, özündə olmuş, hərəkətlərinə fikir vermiş və mühafizə xidməti əməkdaşlarının onunla pis rəftarına görə “102” xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları onu Xəzər RPİ 1-ci PŞ-nə gətirmişlər. Əməlindən səmimi peşmandır, qanunlara həmişə hörmət etmişdir, bu cür hadisənin baş verməsini istəməmiş və əməlinin bu cür nəticəsini təsəvvür etməmişdir. Dərk edir ki, polis dövlətin güc strukturu olmaqla güvənc yeridir, əminamanlığın, sabitliyin və ictimai asayişin təminatçısıdır. Polis əməkdaşlarından üzr istəyir, bir də belə əmələ yol verməyəcəkdir, altmışa yaxın yaşı, uşaqları və nəvələri vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və Xəzər rayon Mühafizə polisinin əməkdaşları tərəfindən rayon Mühafizə polisinin rəisinə ünvanlanmış 18 avqust 2021-ci il tarixli Raportdan görünür ki, həmin gün saat 21:30 radələrində həyəcan siqnalı qəbul edən polis əməkdaşları Xaşaxuna qəsəbəsində yerləşən Qalina Rəhimovanın evinə getmişlər. Oraya çatdıqdan sonra evin açarının dəyişdirildiyi məlum olmuşdur. Onlar mənzilin sahibi Qalina Rəhimovadan açarı dəyişib-dəyişməməsini soruşduqda, o, açarı dəyişdirdiyini bildirmişdir. Qonşuluqda yaşayan Şəxs yaxınlaşaraq mənzilin qapısını açdıqdan sonra mənzilə baxış keçirilmiş və hər şeyin qaydasında olduğu müəyyən edilmişdir. Mənzilə baxış keçirilərkən sərxoş halda olan Şəxs polis əməkdaşlarının işinə müdaxilə edərək onların ünvanına nalayiq ifadələr işlətmiş, onlara qarşı zor tətbiq etməklə onları təhqir etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət edib müvafiq araşdırma aparılmasından ötrü onu Polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, küçədə ictimai qaydanı pozub ucadan qışqırmaqla digər sakinlərin, vətəndaşların gözü qarşısında yenidən polis əməkdaşlarının, ümumi polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan isə onu əməliyyat qrupu ilə birlikdə 1-ci PŞ-nə gətirmişlər. İş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 18 avqust 2021-ci il tarixli 1/1518 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati həbs növündə tənbeh tətbiq edilməsindən ötrü hər hansı müstəsna hal mövcud olmadığını nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 1963-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Güzdək qəsəbəsi Sovxoz evi ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağ evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Məhkəmənin hakimi Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1084/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1084/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver