Məhkəmə qərarları › İş №3(003)-1088/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1088/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1088/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0153/22 nömrəli, 21 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən malların saxlanc müddətləri pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından göndərilən ümumi gömrük dəyəri 356150,00 manat, ümumi invoys dəyəri 209500,00 ABŞ dolları olan 1 ədəd «rentgenoqrafik məqsədlərə əsaslanan kimyəvi element analizlərin təyini üçün nəzərdə tutulmuş aparatura» yükü 08 fevral 2022-ci il tarixli **********2037 nömrəli gömrük bəyannaməsi əsasında 08 aprel 2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Sonradan həmin yükün müvəqqəti saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında 11 iyun 2022-ci il tarixədək uzadılmışdır. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq qeyd olunan mallar rəsmiləşdirilməmiş və müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 00800-0153/22 nömrəli, 21 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, Türkiyə Respublikasından 1 ədəd rentgen aparıt gətirmişlər. Lakin həmin aparatla bağlı Fövqəladə Hallar Nazirliyindən vaxtında icazə ala bilmədikləri üçün malı rəsmiləşdirə bilməmişlər. Lakin hazırda icazələr alınmış və yaxın zamanda malı rəsmiləşdirəcəklər. İlk dəfə inzibati xətanın törədildiyini bildirərək aşağı həddə cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən malların müvəqqəti saxlanc müddəti pozulmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda Şəxs MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar