Məhkəmə qərarları › İş №3(003)-11/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-11/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-11/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 20 yanvar 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati protokola əsasən Şəxs 21 iyun 2021-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi “Mercedes S220” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsi A.Sultanova küçəsi ilə hərəkətdə olarkən ara küçə ilə yola doğru zavod üsulu ilə hazırlanmış özüyeriyənlə (samokatla) hərəkətdə olan 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmənin əvvəlki iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 21 iyun 2021-ci il tarixində idarə etdiyi özünə məxsus olan “MERSEDES S220” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsi A.Sultanova küçəsi ilə evə gedərkən qəflətən avtomobilin sol ön yan güzgü və qapı hissəsinə bir uşağın samokatla dəyməsini görərək tez avtomobili saxlamış, maşından düşərkən həmin uşaq qaçaraq evə girmişdir. Həmin vaxt özünü uşağın əmisi kimi təqdim edən şəxsə öz üzrxahlığını bildirmiş, o da yoluna davam etməsini ona bildirmişdir. Bundan sonra, həmin uşağın atası gələrək ona öz iradını bildirib getmişdir. Özünü qətiyyən təqsirli bilmir. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxs və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarına gəlmiş, sonuncu iclaslara isə gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 22 iyun 2021-ci il tarixli, 675 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ saidin sıyrığı, sağ budun yumşaq toxumalarının əzilməsi və geniş ölçüdə qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 20 iyun 2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 21 iyun 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Mercedes S220” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsi A.Sultanova küçəsi ilə hərəkətdə olarkən ara küçə ilə yola doğru zavod üsulu ilə hazırlanmış özüyeriyənlə (samokatla) hərəkətdə olan 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2022-ci il tarixli 8/3358 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes Benz 220” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar