Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1109/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi sovxozda fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 25 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 08 iyul 2022-ci il tarixdə, saat 16:00-da idarə etdiyi «Saipa Saia EX» minik markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 15 iyul 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, 08 iyul 2022-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi «Ford Transit» markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonundan Binə qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt müştəri zəng etdiyi üçün avtomobili yolun kənarında saxlayaraq telefonla danışan zaman göy rəngli «Saipa» markalı avtomobil onun avtomobilinin qapısına və güzgüsünə dəymişdir. Sonra «Saipa» markalı avtomobil qarşıdan gələn mopedə çırpılmışdır. Zərbədən «Saipa» markalı avtomobil və moped sürüşərək divara dəyib dayanmışdır. Zərbədən mopedin sürücüsü xəsarət aldığından hadisə yerinə gələn təcili təbbi yardım sürücünü xəstəxanaya aparmışdır. Sığorta şirkəti tərəfindən avtomobilinə dəymiş ziyana görə 430 manat ödəniş olunmuşdur. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsi məsələsini isə məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, 08 iyul 2022-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi mopedlə Binə qəsəbəsindən Suraxanı rayonu istiqamətində hərəkətdə olmuşdur. Bu zaman göy rəngli «Saipa» markalı avtomobil yüksək sürətlə döngəyə daxil olaraq yolun kənarında dayanmış «Ford Transit» markalı yük avtomobilinə dəymiş, sonra isə onu vuraraq divara dəyib dayanmışdır. Zərbədən xəsarət aldığından hadisə yerinə gələn təcili təbbi yardım onu Sabunçu xəstəxanasına aparmışdır. Hadisədən sonra sürücü onunla maraqlanmamış və maddi köməklik göstərməmişdir. Sığorta şirkəti tərəfindən sağlamlığına dəymiş ziyana görə 750 manat ödəniş olunmuşdur. Lakin o, şikayətçidir və əlavə olaraq 1000 manat pulun ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəza təyin edilməsi məsələsini isə məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli, 847 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 08 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. Məhkəmə Zərərçəkmiş şəxs1 şikayət və tələbinin olmamasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, avtomobili yüksək sürətlə idarə edərək yol-hərəkəti iştirakçılarının sağlamlığına və əmlakına ziyan vurmasını, hadisədən sonra zərərçəkmiş şəxslərə yardım etməməsini, onun əməlinin ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı 1000 manat tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Həmçinin Şəxs məhkəmə iclasında iştirak etmədiyindən vurulmuş zərərlə bağlı mübahisə olub-olmamasını müəyyən etmək mümkün deyildir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1109/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1109/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver