Məhkəmə qərarları › İş №3(003)-111/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-111/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-111/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 qızının və Zərərçəkmiş şəxs3 qızının iştirakları ilə Şəxs xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 14 dekabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 18:00-da idarə etdiyi «Toyota Prius (Hybrid)» minik markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 07 dekabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 25 noyabr 2022-ci il tarixdə, saat 18:00-da idarə etdiyi «Toyota Prius (Hybrid)» minik markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomobillə Maştağa-Buzovna yolu ilə Buzovna körpüsü istiqamətində 60 km/saat sürətlə hərəkətdə olmuşdur. «Araz» marketi keçdikdən sonra əks yolun boş olmasını fikirləşib qarşıdakı avtomobili ötmək üçün əks yola çıxmışdır. Həmin vaxt yuxulu olduğundan bundan sonra nə baş verdiyini xatırlamır. Hadisədən sonra bilmişdir ki, əks yolda «Ford Transit» markalı yük maşını ilə toqquşmuş, həmin maşında digər avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilində qabaq sərnişin oturacağında əyləşən Nihad, həmçinin arxa oturacaqda oturmuş Fatimə və Sevinc xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını onları xəstəxanaya aparmışdır. Sığorta şirkəti tərəfindən hər iki avtomobilə dəymiş ziyan ödənilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərlə görüşmək istəsə də, onlar görüşmək istəməmişlər. Ona görə də, görüşmək üçün qohumunu göndərmiş və lakin qohumundan pul götürməmişlər. Lakin özü Zərərçəkmiş şəxs3 ilə danışmış və əməliyyat olunacağı təqdirdə xərcini ödəyəcəyini demişdir. Ailəyə yeganə qazang gətirən şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 qızı ifadəsində göstərdi ki, Şəxs idarə etdiyi «Toyota Prius (Hybrid)» minik avtomobildə sərnişin kimi oturmuşdur. Sürücü avtomobili yüksək sürətlə idarə etmiş və qarşıdan gələn maşınla toqquşmuşdur. Qəza nəticəsində o, huşunu itirmişdir. O, xəstəxanada qalmasa da, hal-hazıradək evdə müalicə alır. Sürücü onlarla maraqlanmamış və maddi cəhətdən köməklik etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçi olduğunu, ona dəymiş 3000 manat zərərin ödənilməsini tələb etdiyini bildirərək ərizə təqdim etdi və ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərdi ki, içində olduğu «Toyota Prius (Hybrid)» minik avtomobil Buzovna istiqamətində hərəkətdə olarkən sürücü bir anlıq başını sükana qoyduğu üçün qəza baş vermişdir. Hadisə zamanı əsas qızı zərər çəkmişdir. Sürücü ilk əvvəl onlarla mmaraqlanmasa da, sonradan bildirmişlər ki, işlədiyi müddətdə hər gün az da, olsa köməklik edər. Sığorta şirkəti tərəfindən sağlamlığa dəymiş ziyana görə 750 manat ödəniş olunmuşdur. Lakin başında olan izə görə əməliyyat olunmalıdır. Əməliyyat üçün, həm də, mənəvi ziyana görə pul tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirərək ərizə təqdim etdi və ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, «Toyota Prius (Hybrid)» minik avtomobilin qəza törətməsinə səbəb avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur və qəza nəticəsində əsas bacısı xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçi olduğunu, ona dəymiş 1000 manat zərərin ödənilməsini tələb etdiyini bildirərək ərizə təqdim etdi və ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş və 18 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməcəyəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və Şəxs cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 1608 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində təpə nahiyəsinin səthi əzilmiş yarası, sol baldırın sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun «X1» publik hüquqi şəxsə müraciətindən əvvəl törənmişlər, qərarda göstərilən 25 noyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və sağlamlığın zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 1607 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 qızının bədəni üzərində alın-təpə nahiyəsinin kəsilmiş yarası, sağ göz almasının ağlı qişasının qansızması, sağ göz orbitinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlərdən alın-təpə nahiyəsinin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası); sağ göz almasının ağlı qişasının qansızması, sağ göz orbitinin qançırı küt əşya (əşyalar) təsirindən onun «X1» publik hüquqi şəxsə müraciətindən əvvəl törənmişlər, qərarda göstərilən 25 noyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 1604 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin, hər iki dizin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının və hər iki diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X1» publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 25 noyabr 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə Şəxs əməlini etiraf etməsini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini, ona qarşı onun şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs yol-hərəkəti haqqında qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxslərə bədən xəsarəti yetirməsini, hadisədən sonra zərərçəkmiş şəxslərə köməklik göstərməməsini, onlarla maraqlanmamasını, onlara dəymiş ziyanı ödəməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 qızı və Zərərçəkmiş şəxs3 qızı hadisə nəticəsində onlara maddi ziyan dəydiyini, hadisəni törədən şəxsin onlara yardım etmədiyini və hazırda onların tələbləri olduğunu bildirsələr də, tələbləri ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişlər. Buna görə məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 qızı və Zərərçəkmiş şəxs3 qızına dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 qızına və Zərərçəkmiş şəxs3 qızına dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar