Məhkəmə qərarları › İş №3(003)-1113/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1113/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1113/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq yaşayış massivində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri BPİ X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.3 və 333.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən 22 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2022-ci il tarixdə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatət təqdim edərək göstərdi ki, əmək fəaliyyəti ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. 22 iyul 2022-ci il tarixində qeyd etdiyi ünvanın yaxınlığında X5 Xidməti əməkdaşlarının qanunsuz əməllərinə məruz qalmışdır. Belə ki, 21 iyul 2022-ci il tarixində dostları ilə birlikdə “Binə atcılıq” deyilən ərazidə yerləşən kafelərin birində əyləşərək içki qəbul etmişlər. Onlar həmin kafeyə qardaşı ilə birlikdə, qardaşına məxsus “BMW-X5” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişlər. X4 sözügedən kafedə içki qəbul edəcəyindən qardaşının dostu olan Cavad adlı şəxslə belə bir razılıq əldə olunmuşdur ki, kafedən çıxarkən Sərxanın avtomobilini Cavad idarə etsin, çünki Cavad dini inancları əsasında içki qəbul etməyən biridir. Bundan sonra, 22 iyul tarixində saat 02:50 radələrində qardaşı Sərxanın avtomobilinə əyləşərək qardaşının dostu Cavaddan onları evə aparmasını xahiş etmişlər. Beləcə onlar yola düşmüşlər. Evə çatarkən qardaşı Sərxan aptekə dərman almaq üçün, dostu Cavad isə mağazaya getmək üçün avtomobildən düşmüşlər. O da siqarət çəkmək məqsədi ilə avtomobilin arxa oturacağından düşmüşdür. Siqaretini çəkdikdən sonra avtomobilin kondisionerini işə salmaq məqsədi ilə sürücü oturacağında əyləşmişdir. Onu da bildirir ki, Cavad avtomobili yolun sağ hərəkət istiqamətində sağ tərəfdə saxlamış və avtomobili söndürmüşdür. Bundan təxminən 2 dəqiqə sonra X5 Xidməti inspektoru polis kiçik seryantı X1 ona yaxınlaşaraq ön şüşəni aşağı salmağını tələb etmiş və daha sonra ondan içkili olub-olmadığını soruşmuş, o da öz növbəsində içkili olduğunu bildirmişdir. Oktay Namazov sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi ölçü cihazını üfürməsini tələb etdikdə ona bildirmişdir ki, o, avtonəqliyyat vasitəsinin idarə edən şəxs deyil və belə olan halda onun sərxoşluq vəziyyətinin müəyyən olunmasının heç bir məntiqi əsası yoxdur. Bundan sonra, Oktay Namazov guya onunla eyni bölgədən olduğuna, onun heç nədən qorxmamasını lazım olduğuna, əsas məqsədinin məsələni araşdırmaq olduğuna dair ovsunlayıcı kəlmələrdən istifadə edərək onu xidməti avtomobillərinə minməyə dəvət etmişdir. O isə əslində heç nədən qorxmadığını, ümumiyyətlə qanun pozuntusu törətmədiyini və heç bir köməyə də ehtiyacının olmadığını bildirərək polisin bu əmrini araşdırma məqsədi üzrə qanuni hesab edib ona tabe olmuşdur. Bu zaman digər yol patrul xidməti əməkdaşı qardaşının avtomobilinə minərək onu hərəkətə gətirmiş və o, bunu görən zaman bildirmişdir ki, bu avtomobil ona məxsus deyil, onun həmin avtomobili ümumiyyətlə idarə etmək səlahiyyətini təsdiq edən etibarnaməsi belə yoxdur və X2 mülkiyyətindədir. X2 aptekə getdiyini və 5 dəqiqə ərzində yaxınlaşacağını bildirərək polis əməkdaşlarından Sərxanın və Cavadın gəlmələrini gözləmələrini tələb etmiş, həmin polis əməkdaşı isə onun bu tələbinə məhəl qoymayaraq avtomobili özlərinin xidməti istifadəsində olan nəqliyyat vasitəsinin arxasınca idarə etməyə başlamışdır. Yol boyu hara aparıldığını soruşduqda isə ona “mən sənin yerlinəm, mən sənə kömək etməyə çalışacam, sən avtonəqliyyat vasitəsini idarə etdiyini bildir ki, sənə kömək edə bilim və s.” kimi “tələ” xarakterli cavablar verərək onu etmədiyi bir əməli törətməsini etiraf etməsini qərəzli şəkildə istəmişdir. Aparıldığı ünvana çatdıqdan sonra ona aydın olmuşdur ki, o, sərxoşluq vəziyyətinin müəyyən olunması məqsədi ilə Maştağa qəsəbəsində yerləşən müayinə mərkəzinə gətirilmişdir. Bundan sonra ona həkimin göstərişlərinə tabe olması bildirilmiş və o, heç bir təqsiri olmadığına əmin olduğuna görə istənilən müayinədən keçə biləcəyini, həmin müayinə nəticəsinin inzibati pozuntu törətməsinə dəlalət etmədiyini bildirərək müayinədən keçmişdir. Bütün bu proseslər baş verən zaman, X4 və dostu Cavad avtomobili saxladıqları yerə gəlmiş, avtomobilin və onun həmin yerdə olmadığını görmüş, narahatlıq keçirdiklərinə görə dəfələrlə ona zəng etmiş, onun isə zənglərə cavab vermədiyini görərək ani təlaş içərisində AR DİN “102” xidmətinə zəng edərək avtomobillərinin oğurlanması barədə məlumat vermişlər. Müayinə mərkəzində həyata keçirilən proseslər yekunlaşdıqdan sonra polıs serjantı avtomobili sahibinə qaytarmayacaqlarını, onun avtomobili içkili idarə etdiyinə görə guya əmin olduqlarını bildirərək onu bir gün sonra AR DİN BDYPİ-də yerləşən “5-ci otağ”a yaxınlaşmasını təklif edərək evinə yola salmışlar və qardaşına məxsus avtomobili də müvəqqəti dayanacağa yerləşdirmişlər. Hadisənin sabahısı günü qardaşı ilə birlikdə qeyd olunan 5-ci otağa yaxınlaşmışlar. Orada adının və soyadının Arzuman Arzumanlı olduğunu bidirən və özünü polis əməkdaşı kimi təqdim edən mülki geyimli bir şəxs inzibati xəta pozuntusu ilə bağlı iş üzrə icraatın onun tərəfindən aparıldığını və inzibati xəta pozuntusunun baş verməsinə dair kifayət qədər sübutların olduğunu bildirərək inzibati xəta pozuntusuna dair tərtib etdiyi protokolu imzalamaq məqsədi ilə ona təqdim etmişdir. O isə olmayan bir faktın sübutunun da ola bilməyəcəyini, kameralara nəzarət yetirilərsə həmin gün saxlanılana qədər “BMW” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin əslində kim tərəfindən idarə olunduğunun müəyyən olunacağını, əgər sözügedən sübutlar varsa ona təqdim etməli olduqlarını və həmin protokolu imzalamayacağını bildirmiş, lakin, bütün bu dediklərinə Arzuman Arzumanlı tərəfindən məhəl qoyulmadı və onun özü protokolda müvafıq qeydlər edərək protokolun bir surətini ona təqdim etmişdir. Bundan sonra, ona məlum olmuşdur ki, onun barəsində AR İXM-nin 329.3 -cü (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələrinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. O isə bundan şikayət verəcəyini bildirmişdir. Bundan sonra, tanışlarının dəstəyi “ASANPAY” portalında yerləşən elektron kabineti vasitəsi ilə protokoldan şikayət vermişdir. Baş vermiş hadisəni vəkil tanışlarından birinə danışdığı zaman bütün hüquqi prosedurlar da məlum olmuş və müəyyən etmişlər ki, qanunun da mövqeyi ondan ibarətdir ki, sözügedən inzibati xəta pozuntusu o zaman baş vermiş sayılır ki, avtonəqliyyat vasitəsinin içkili vəziyyətdə idarə edilməsi sübuta yetirilir. Belə ki, AR İXMnin 75.0.1-ci, 75.0.2-ci, 75.0.3-cü maddələri yuxarıda təsvir olunan məsələnin həllində bilavasitə aparıcı norma rolunu oynayır. Həmin maddələrə nəzər yetirdikdə müəyyən olunur ki, ilk növbədə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi sübuta yetirilməli idi, yəni onun içkili vəziyyətdə avtonəqliyyat vasitəsi ilə hərəkətdə olması kameralar, etirafı və şahid ifadələri vasitəsilə və yaxud qanuni şəkildə əldə edilmiş digər sübutlarla sübuta yetirilməli idi. Nəinki hərəkətdə, ümumiyyətlə işlək vəziyyətdə olmayan nəqliyyat vasitəsində əyləşməsi həmin pozuntunu törətməsi demək deyil. Bundan əlavə, fərziyəvi şəkildə nəzərə alsalar ki, həmin sübutlar mövcuddur, bu zaman onun əməli AR İXM-nin 334.1-ci maddəsinə tövsif edilməli idi. Çünki, yuxarıda da qeyd etdiyi kimi, qardaşına məxsus “BMW” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etmək hüququ ümumiyyətlə yoxdur, çünki buna dair notarial qaydada təsdiq olunmuş etibarnamə mövcud deyil, həmçinin yol polis əməkdaşları avtomobilə yaxınlaşanda belə X4 avtomobildə, onun yanında olmamışdır. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta hadisəsi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan 22 iyul 2022-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs sərxoş olması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri BPİ X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri BPİ X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar