Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-112/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli,14 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 42600 Avro məbləğində vəsaiti 26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 42600 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC ilə «Came SPA» şirkəti arasında bağlanmış 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən şirkət tərəfindən 26 noyabr 2020-ci il tarixdə avans yolu ilə 42600 Avro pul ödənilmiş və bu pulun müqabilində 28 yanvar 2021-ci il tarixdə 82748,8 Avro məbləğində mallar Azərbaycan Respublikasına idxal edilərək bununla bağlı müvafiq gömrük bəyannaməsi verilmişdir. Lakin 06 mart 2020ci il tarixli müqavilə 28 yanvar 2021-ci il tarixdə yeni müqavilə ilə əvəz olunduğundan gömrük bəyannaməsində 06 mart 2020-ci il tarixli müqavilənin yox, yeni müqavilənin tarixi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «Came SPA» şirkəti arasında bağlanmış 06 mart 2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin ümumi dəyəri 75000 Avro, müddəti isə 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Came SPA» şirkətinin xeyrinə 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən 26 noyabr 2020-ci il tarixdə 42600 Avro məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli, **********7097 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Came SPA» şirkəti tərəfindən Şəxs MMCnin ünvanına 28 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 82748,8 Avro məbləğində mallar bəyan edilmişdir. Gömrük bəyannaməsinə qoşma vərəqdən görünür ki, 28 yanvar 2021-ci il tarixli müqavilə 06 mart 2020-ci il tarixli müqavilənin əvəzinə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən «Came SPA» şirkətinə aralarında bağlanmış 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən avans yolu ilə 26 noyabr 2020-ci il tarixdə 42600 Avro pul ödənilmişdir. Bu pulun müqabilində 82748,8 Avro məbləğində mallar 28 yanvar 2021-ci il tarixdə, yəni 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Lakin 06 mart 2020-ci il tarixli müqavilənin müddəti 31 dekabr 2020-ci il tarixdə başa çatdığından 28 yanvar 2021-ci il tarixdə yeni müqavilə bağlanmış və gömrük bəyannaməsində 06 mart 2020-ci il tarixli müqavilə yox, 28 yanvar 2021-ci il tarixli müqavilə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-112/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-112/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver