Məhkəmə qərarları › İş №3(003)-1121/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1121/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1121/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 və onun vəkili X6, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən 13 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən 13 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 24 avqust 2020-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi X8 ünvanda 0,1 ha torpaq sahəsində yerləşən yaşayış evinə olan istifadə hüququnu alqı-satqı yolu ilə əldə etmişdir. Alqı-satqı müqaviləsi Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi natariusu tərəfindən 04 avqust 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 3M-319 nömrə ilə qeydə alınmışdır. Yüklü edilən əmlakın reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi isə **********-dür. İstifadə hüququ 24 avqust 2020ci il tarixdə reyestrdə qeydə alınmışdır. Ondan əvvəlki istifadəçi uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə etmiş və oradan yaşayış evi inşa etmişdir. Qeyd etdiyi hissədə yerləşən torpaq sahələri Azərbaycan Respublikasının Neft Şirkətinə məxsusdur. Ondan ətrafda yeləşən bütün qonşuları onun kimi öz istifadələrində olan torpaq sahələrində yaşayış yerləri inşa etmişlər. ƏMDX-nın Bakı Ərazi Şöbəsi onları nərazilərinə baxış keçirmiş 30 mart 2022-ci il tarixdə ******* nömrəli protokol tərtib etmişlər. Protokolda onun torpaq sahəsinin təyinatına uyğun olmayan qaydada istifadə etdiyi əsas götürülmüş və bununla əlaqədar barəsində 13 aprel 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 247.1ci maddəsinə əsasən 300 manat cərimə olunmuşdur. Qərar artıq 25 may 2022-ci il tarixdə icraya yönəldilmiş və hal-hazırda icraat aparılır. Bütün bunlardan onun o zaman xəbəri olmuşdur ki, Nəsimi rayon İcra şöbəsi onu qərarın icrası ilə əlaqədar şöbəyə dəvət etmiş və qərarın icrasını tələb etmişdir. Yuxarıda qeyd etdiyi kimi, ətrafda yerləşən bütün qonşular onun kimi yaşayış evləri inşa edərək qanunun normasını pozmuşlar. Başa düşə bilmir, nəyə görə bu məsələ ilə əlaqədar təkcə o məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan torpaq sahəsi Neft Şirkətinə məxsus olsa da təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olsa da həmin torpaq sahəsindən qeyd olunan məqsələr üçün istifadə olunmur və əhalinin istifadəsinə verilmişdir. Belə olan halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən 13 aprel 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, başlanılmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X10 və onun vəkili X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şosesi yerləşən 0,1 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə etdiyinə görə X4 barəsində 30 mart 2022-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üçün verildiyindən, orada sonradan fərdi ev tikilməsi onda torpaqdan təyinatı üzrə istifadə edilməsi hesab olunmur. Qərarın qanuni, şikayətin isə əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şosesi yerləşən 0,1 ha torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üçün X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şossesi yerləşən 0,1 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə etdiyinə görə X10 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əssən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsaən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, X10 tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şossesi yerləşən 0,1 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istfiadə edildiyi qeyd olunsa da, fərdi yaşayış evinin mövcud olubolmamasını, mövcud olduğu halda orada yaşayışın olub-olmaması, yəni inzibati xətanın törədilməsini təsdiq edən sübutlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bunda başqa, X4 ünvanına bildirişin göndərilməsi barədə heç bir sənəd tədim edilməmiş, lakin telefon vasitəsilə əlaqə saxlanıldığı bildirilmişdir. Bundan əlavə, qeyd edilən tikilinin yaşayış evi olması və yaxud sənaye obyekti və sair olması ilə bağlı isə heç bir sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.1, 105.1, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar