Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1124/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı 1494100-171 nömrəli, 22 iyul 2022-ci il tarixli protokola əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğunun işlək vəziyyətdə olmaması, qurğuya daxil olan çirkab suların təmizlənmədən Buzovna-Maştağa yolunun kənarında çöllük əraziyə axıdılması müəyyən edilmişdir. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X9 göstərdi ki, X2 Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğunun işlək vəziyyətdə olmaması, pis iy-qoxunun yayılması və anti sanitar vəziyyətin yaranması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 23 iyun 2022-ci il tarixli müraciəti əsasında idarənin əməkdaşları tərəfindən Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğuya və onun ətraf ərazilərinə baxış keçirilmişdir. Baxış zamanı ərazinin mühafizəsinin təşkil olunmaması, qurğunun köhnə, bəzi hissələrinin sökülmüş və istifadəyə yarasız vəziyyətdə olması, ətrafda yerləşən yaşayış binaları və fərdi evlərdən borular vasitəsi ilə axıdılan çirkab sularının qurğuya, oradan isə təmizlənmədən Buzovna-Maştağa yolunun sol hissəsində “SOCAR” yanacaq doldurma məntəqəsinin arxa tərəfindəki boş çöllük əraziyə axıdılması nəticəsində gölməçə və antisanitar vəziyyət yarandığı müəyyən olunmuşdur. Araşdırma nəticəsində Müdafiə Sənayesi Nazirliyinin "xxxx" X3 balansında olmuş sözügedən təmizləyici qurğunun 01 may 2013-cü il tarixdə Şəxs ASC-nin balansına təhvil verildiyi məlum olmuşdur. Sözügedən ərazidə olan çirkab sularının təmizlənmədən, tullantıların emalı yeri müəyyən edilmədən ətrafa axıdıldığı, təmizləyici qurğunun işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı "xxxx" X8 və Şəxs ASC arasında bağlanmış təhvil-təslim aktı yerində çəkilən fotoşəkillər 21 iyul 2022-ci il tarixdə tərtib edilmiş 74519 nömrəli akta əlavə olunmuşdur. 21 iyul 2022-ci il tarixli, 74519 nömrəli akt və fotoşəkillər əsasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağəmi Rəhimov küçəsində çirkab su təmizləyici nasosxananın fəaliyyətinə nəzarət olunmaması, tullantı sularının yolun əks tərəfinə axıdılması və emal yerinin müəyyən edilmədiyi aşkar olunduğu üçün Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN seriyalı 1200492/185 nömrəli, 09 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs ASC Azərbaycan Respublikasının İXMnin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2874/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq Şəxs ASC yenə də, həmin inzibati xətanı il ərzində təkrar olaraq törətmişdir. Qeyd olunanlara əsasən Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 etiraz təqdim edərək bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrinin tələblərinin pozulması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar təqsirli bilərək MN seriyalı ******* nömrəli, 22 iyul 2022-ci il tarixli protokol tərtib etmişdir. Hesab edir ki, protokol əsassız sayılaraq ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Albalılıq yaşayış sahəsinin yaxınlığında yerləşən təmizləyici qurğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli 345s saylı Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin Şərq İstehsalat birliyinin“İqlim X8”nin balansından mövcud vəziyyətdə Şəxs ASC-nin balansına verilmişdir. “İqlim X8” MMC tərəfindən Şəxs ASC-nə 2013-cü ildə təhvil verilən kanalizasiya sisteminə aid olan şəbəkə və qurğular yararsız vəziyyətdə olmuşdur. Qeyd olunan ərazi üzrə hazırda kanalizasiya şəbəkəsi olmadığı üçün Şəxs ASC tərəfindən qurğuya hər hansı çirkab su ötürülmür. Oraya yığılan suların isə haraya axıdılmasını bilmir. Digər tərəfdən protokol tərtib olunan zaman Şəxs ASC-nə məlumat verilməmiş, nümayndənin iştirakı təmin edilməmiş və bu hal protokolda öz əksini tapmışdır. Halbuki nümayəndənin iştirakı təmin edilməli idi. Həmçinin nümayəndənin iştirak etmədiyi qeyd olunsa da, protkolun nüsxəsini götürməkdən imtina edilməsi qeyd olunmuşdur. Bundan başqa təqdim edilmiş qərarların hazırki işə heç bir aidiyyəti yoxdur. Hazırki işlə bağlı Şəxs ASC tərəfindən hər hansı pozuntunun olması barədə sübut yoxdur. Axıdılan suyun da, çirkab suyu olmasına dair ekspert rəyi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi X7 iştirakları ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağəmi Rəhimov küçəsində yerləşən əraziyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ərazidə olan 2 ədəd borudan biri rəng zavoduna, digər boru isə Şəxs ASC-nə aid olduğu bildirilən borudur. Təmizləyici qurğu işlək vəziyyətdə deyildir, qurğuya daxil olan çirkab suların təmizlənmədən Buzovna-Maştağa yolunun kənarında boş əraziyə axıdılır. Şəxs ASC-nin nümayəndəsi bildirdi ki, ərazi Şəxs ASC-yə məxsusdur, lakin həmin qurğu onlara təhvil verildiyi vaxtdan işlək vəziyyətdə olmamışdır. X13 bildirdi ki, həmin ərazidə yerləşən və Şəxs ASC-yə məxsus təmizləyici qurğu işlək vəziyyətdə deyildir, qurğuya daxil olan çirkab suların təmizlənmədən Buzovna-Maştağa yolunun kənarında çöllük əraziyə axıdılır. Şəxs ASC həmin xətanı əvvəl də, törətmiş və məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin həmin pozuntu hal-hazıradək aradan qaldırılmamışdır. Ona görə də, 21 iyul 2022-ci il tarixli, 74519 nömrəli akt tərtib edərək fotoşəkillər çəkmiş və həmin sənədlər əsasında Şəxs ASC-nin barəsində MN seriyalı 1494100-171 nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti şəhər və digər yaşayış məntəqələrinin ərazisində çirkab sularını təmizləmədən Buzovna-Maştağa yolunun kənarında çöllük əraziyə axıdaraq çirkləndirmiş, həmçinin tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi norma və qaydalarını pozmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Departamentinə ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Albalı yaşayış sahəsinin A.Rəhimli küçəsində yaşayan bir qrup sakininin Albalılıq yaşayış sahəsi ərazisində yerləşən çirkab su təmizləyici qurğularından yayılan üfunətli iy-qoxudan və həmin qurğulara nəqliyyat vasitələri ilə tullantılar daşınaraq atılmasından yaranmış narahatlıq barədə kollektiv şikayət ərizəsi tərəflərindən, Buzovna qəsəbəsi İnzibatı ərazi dairəsinin, Bakı şəhər Sukanal və Xəzər rayon Sukanal idarələrinin nümayəndələrinin iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən ünvanda 3,5 ha torpaq sahəsində yerləşən, istehsal gücü ay ərzində 5000 m3 olan çirkab su təmizləyici qurğuları 1969-cu ildən "xxxx" X3 tabeliyində fəaliyyətə başlayaraq 2015-ci ildən Şəxs ASC-nin balansına verilmişdir. “İqlim X8” MMC-nə məxsus yeddi ədəd dörd və beş mərtəbəli yaşayış binalarından və yaxınlıqda yerləşən fərdi yaşayış evlərindən çıxan tullantı çirkab suları toplanaraq nasoslar vasitəsilə çirkab su təmizləyici qurğularına ötürülür. Hal-hazırda çirkab su təmizləyici qurğuları işlək vəziyyətdə deyil və baxımsızlıq səbəbindən dağılaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Buraya daxil olan tullantı çirkab suları üstü açıq kanallar vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan torpaq sahəsinə axıdılır. Qeyd edilən çatışmazlıqların ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına səbəb olmaqla sanitariya-epidemioloji vəziyyətin gərginləşməsinə şərait yaratdığını nəzərə alaraq tədbir görülməsi üçün Şəxs ASC-nə 06 iyul 2021-ci il tarixli, 04-22/1/4726 nömrəli, 05 avqust 2021-ci il tarixli, 04-22/1/5457 nömrəli məktublarla müraciət edilmiş, lakin yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Göstərilənləri nəzərə alıb, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək, Xəzər rayonu Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsi ərazisində yerləşən çirkab su təmizləyici qurğusunun texniki cəhətdən istismara yararsız vəziyyətə düşməsi və çirkab suların ətraf əraziyə axıdılması ilə bağlı pozuntular “X11 haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ASC “ünvan ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli, 01-xx/xx/1529 nömrəli məktubdan görünür ki, Albalılıq yaşayış sahəsində yerləşən təmizləyici qurğu və 1200 diametrli çıxış kollektoru mövcud texniki vəziyyətdə Müdafiə Sənayesi Nazirliyinin balansından Şəxs ASC-nin balansına verilmişdir. Təmizləyici qurğudan çıxan 1200 diametrli dəmir-beton kanalizasiya xətti öz növbəsində Şəxs ASC üzrə müvafiq əmrlə 24 dekabr 2013-cü il tarixində Bakı Sukanal” idarəsinin balansına verilmiş və mövcud vəziyyətdə istismar olunur. İş materiallarına əlavə edilmiş “İqlim X8” MMC ilə Şəxs ASC arasında tərtib olunmuş əsas fondların balansdan-balansa təhvil verilməsi haqqında sentyabr 2013-cü il tarixli təhvil-qəbul aktın surətindən görünür ki, “İqlim X8” MMC-nin balansında olan kanalizasiya sisteminə aid olan şəbəkə və qurğular Şəxs ASC Xəzər Sukanal idarəsinə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərazidə çirkab su gölməçələri mövcuddur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağəmi Rəhimov küçəsində çirkab su təmizləyici nasosxananın fəaliyyətinə nəzarət olunmaması, tullantı sularının yolun əks tərəfinə axıdılması və emal yerinin müəyyən edilmədiyi aşkar olunduğu üçün Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2874/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qırşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə -fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamına əsasən Nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Şəxs ASC-nin balansına verilmişdir. Albalılıq yaşayış sahəsində yerləşən təmizləyici qurğu və 1200 diametrli çıxış kollektoru mövcud texniki vəziyyətdə Müdafiə Sənayesi Nazirliyinin balansından Şəxs ASC-nin balansına verilmişdir. Təmizləyici qurğudan çıxan 1200 diametrli dəmir-beton kanalizasiya xətti öz növbəsində Şəxs ASC üzrə müvafiq əmrlə 24 dekabr 2013-cü il tarixində Bakı Sukanal” idarəsinin balansına verilmiş və mövcud vəziyyətdə istismar olunur. Həmçinin “İqlim X8” MMC-nin balansında olan kanalizasiya sisteminə aid olan şəbəkə və qurğular Şəxs ASC Xəzər Sukanal idarəsinə təhvil verilmişdir. X1 Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğunun işlək vəziyyətdə olmaması, pis iy-qoxunun yayılması və anti sanitar vəziyyətin yaranması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 23 iyun 2022-ci il tarixli müraciəti əsasında idarənin əməkdaşları tərəfindən Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğuya və onun ətraf ərazilərinə baxış keçirilmişdir. Baxış zamanı ərazinin mühafizəsinin təşkil olunmaması, qurğunun köhnə, bəzi hissələrinin sökülmüş və istifadəyə yarasız vəziyyətdə olması, ətrafda yerləşən yaşayış binaları və fərdi evlərdən borular vasitəsi ilə axıdılan çirkab sularının qurğuya, oradan isə təmizlənmədən Buzovna-Maştağa yolunun sol hissəsində “SOCAR” yanacaq doldurma məntəqəsinin arxa tərəfindəki boş çöllük əraziyə axıdılması nəticəsində gölməçə və antisanitar vəziyyət yarandığı müəyyən olunmuşdur. Bununla bağlı 21 iyul 2022-ci il tarixli, 74519 nömrəli akt və fotoşəkillər tərtib olunmuşdur. Həmin sənədlə əsasında isə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağəmi Rəhimov küçəsində çirkab su təmizləyici nasosxananın fəaliyyətinə nəzarət olunmaması, tullantı sularının yolun əks tərəfinə axıdılması və emal yerinin müəyyən edilmədiyi aşkar olunduğu üçün Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN seriyalı 1200492/185 nömrəli, 09 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2874/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1205/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələri ilə təqsirli bilinməli, lakin eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən və həmin xətalara baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tərkib əlamətinə əsasən söhbət su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qırşısını alan qurğuları olmayan müəssisələrin istismar edilməsindən gedir. Lakin inzibati xəta haqqında protokoldan görünür ki, həmçinin keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ərazidə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qırşısını alan qurğuları və avadanlıqları olmayan hər hansı müəssisə yoxdur və belə olan halda müəssisənin istismar olunmasından söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 10000 (on min) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görəhəmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1124/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1124/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver