Məhkəmə qərarları › İş №3(003)-113/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-113/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-113/2020 25.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı, İnzibati qərarı qəbul etmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 25 saylı inzibati tənbeh vermə qərarından X8 Əli oğlu tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli, 25 saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, atası və ailə üzvləri ilə birilkdə evin ikinci mərtəbəsində, X2 isə ailə üzvləri ilə birilkdə evin birinci mərtəbəsində yaşayırlar. Evin hüquqi sənədi olmasa da, evi öz aralarında faktiki bölmüşlər. Hər ailənin yaşadığı otağın giriş-çıxış qapısı vardır, ara daş hasarla bölünüb, hər kəsinin özünün ayrı şəraiti və ayaqyolu vardır. Hər ailənin 1,52 sot torpaq sahəsi olsa da, həmin torpaq sahəsinin də, hüquqi sənədi yoxdur. Onun azyaşlı uşaqları və 70 yaşında atası həyətdə olan ayaqyoluna getməkdə çətinlik çəkirlər. Buna görə də, o, ayaqyolu tikmək üçün yerli orqanlara müraciət etmişdir. Lakin ev özbaşına tikili olduğu üçün tikintiyə icazə verməmişlər. Buna baxmayaraq o, 8 kv.m-dən ibarət ayaqyolu tikmişdir. Ancaq həmin ayaqyolunun heç kimə maneçiliyi yoxdur. Bəhram Mayılovun şikayəti əsasında onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmin protokol və qərardan xx xxxxxx 2020-ci il tarixdə Xəzər rayon İcra və Probasiya şöbəsindən xəbər tutmuşdur. Qeyd olunanlara əsasən adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 Əli oğlu şikayətin məzmununa uyğun izahat verərək inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, 25 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati qərarı qəbul etmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin etibarnamə əsasında nümayəndəsi X5 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru A.Həsənov tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 25 nömrəli, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X9 müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərini inşa etdiyinəgörə, yəni Şüvəlan qəsəbəsi, M.B.Qasımov küçəsi ev 32 ünvanında özbaşına tikinti işləri apardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə ilk olaraq barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin həmin tikilinin yerləşdiyi torpaq sahəsinə və ya həmin tikintiyə aid hər hansı bir hüququnun mövcüd olması məsələsinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, T.Mayılovun həmin torpaq sahəsinə və tikiliyə hər hansı mülkiyyət hüququ yoxdur. Mülkiyyət hüququ mövcüd olmadığından onun həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparması qanunvericiliyin tələbinə ziddir. Məhkəmə burdan belə nəticəyə gəlir ki, həmin şəxsin torpaq sahəsinə mülkiyyət hüququ yoxdur və həmin tikili özbaşına tikili sayılır. Deməli həmin tikili tikildiyi zaman şəxsin ora subyektiv hüququ olmamışdır. Subyektiv hüquq - şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru A.Həsənov tərəfindən inzibati protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 25 nömrəli, xx xxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın törədilməsinə səbəb isə şikayətçinin öz ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən, heç bir hüquqi sənədi olmayan torpaq sahəsində yerləşən iki mərtəbəli evin (özbaşına tikilinin) ikinci mərtəbəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan əlavə ayaqyolu tikilməsi olub. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Qanunvericilik məhz mülkiyyətdə,icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə verir. Lakin şikayətçinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və tikintiyə mülkiyyət hüququ tanınmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X4 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 25 saylı inzibati tənbeh vermə qərarından X8 Əli oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar